[:az]Cəlilabad sakini prezidentdən rayonun prokurorunu cəzalandırmağı xahiş edir[:]

tərəfindən Gozetci

[:az]”Prokuror oğru tərəflə sövdələşərək cinayət işinə xitam verib”

“Oğlumun Cəlilabadda olan mağazasında oğurluq və dələduzluq olub. Buna görə aidiyyatı qurumlara davamlı müraciətlər etmişəm, amma nəticəsi olmayıb. Əlacım kəsildi, prezident İlham Əliyevə yazdım, yenə cavab gəlmədi. Bir il altı aydır gözləyirəm”.

Xocalı rayonundan olan məcburi köçkün, 2-ci qrup Qarabağ əlili, Bərdə rayon sakini Telyanə Cavadova belə deyir.

O, indiyədək yazdığı məktubların prezidentə yetişmədiyini düşünür. Odur ki, şikayətinin Meydan TV-də dərc edilməsini istəyir.

O, indiyədək prezdent İlham Əliyevlə yanaşı Azərbaycan Respublikasının birinci vitse-Prezidenti Mehriban Əliyevaya, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə, Prezdent aparatının hüquqi siyasəti idarəsinin rəhbəri Fuad Ələsgərova, Azərbaycan Respublikasının baş Prokuroru Zakir Qaralova, Azərbaycan Respublikasının baş Prokrorunun birinci müavini Rüstəm Usubova da müraciət edib.

Deyir, oğlunun mağazasının oğurlanması ilə bağlı əllərində kifayət qədər dəlil var. Ancaq Cəlilabad rayon prokurorluğu bu dəlilləri gözardı edir:

“Oğurluğu necə etdiyini sübut edən özlərinə aid səs yazıları və istintaq üçün digər əhəmiyyətli sübutlar olduğu halda Cəlilabad rayon prokurorluğu oğru tərəflə sövdələşərək cinayət işinin başlanmasına iki dəfə müxtəlif vaxtlarda xitam verdi. Cəlilabad rayon prokurorluğunun müstəntiqi Nurlan Rəhmanov polis idarəsindən gələn istintaq materialının arasından oğru dəstəsinin başcısı olan Quliyev İlqarın etiraf ifadələrini dəyişdirərək istintaqi fərqli istiqamətə apardı”.

Telyanə Cavadova deyir ki, bunu söz olaraq deyil, faktlarla sübuta yetirib. Çünki işi ilkin araşdıran Cəlilabad rayon polis idarəsinin əməkdaşı, təhqiqatçı polis polkovnik-leytenantı Vidadi Əhədov dönə-dönə qeyd edib ki, İlqar Quliyev oğurluq etdiyini etiraf etib. O, İlqar Quliyevin ifadələrini iş materiallarının arasına qoyaraq Cəlilabad rayon prokurorluğuna göndərib:

“İş burasındadır ki, Cəlilabad rayon prokurorluğunun əməkdaşı hələ də öz qanunsuz əməllərini davam etdirir və növbəti qanunsuzluqlar edir. Bu boyda saxtakarlığa rəğmən, heç bir cəza verilməyib. Eyni prokurorluq ikinci dəfə işin araşdırmasını müstəndiq Zöhrab Verdiyevə həvalə etsə də, eyni qərar çıxarıldı və oğru dəstə məsuliyyətdən kənarda saxlanıldı”.

Şikayətçi son bir il altı ayda başına gəlməyənin qalmadığını deyir:

“Cəlilabad rayon prokuroru Tariyel Ələkbərov mənim müharibə veteranı, 2-ci qrup Qarabağ əlili olan həyat yoldaşımı çərlədərək öldürdü, həyat yoldaşımın üzünə dedi ki, bu səs ortada olsa da, bu ailə oğru deyil və prokuror Tariyel Ələkbərovun otağında əsəbiləşərək yoldaşım müvazinətini itirərək yıxıldı. Bir müddət xəstə yatdıqdan sonra dünyasını dəyişdi. Prezidentə və dövlət qurumlarına etdiyimiz müraciətdən, sübutlarımızı ortaya qoyandan sonra Baş prokurorluq Cəlilabad rayon prokurorluğunun çıxardığı qərarın yanlış olduğunu anlayıb işin yenidən araşdırılmasını Lənkəran rayon prokurorluğuna həvalə etsə də, istintaqın hərəkətsizliyi məni çox narahat edir. Aldığımız məlumata görə, Tariyel Ələkbərov Lənkaran rayonuna işin ədalətli aparılmaması üçün müəyyən təsirlər edə bilir. Çünki artıq Tariyel Ələkbərov narahatdır ki, onun etdiyi saxtakarlıq tam çılpaqlığı ilə ortaya çıxacaq və özü cəzalandırılacaq”.

Telyanə Cavadova prezident İlham Əliyevdən onun probleminin həll edilməsi üçün göstəriş verməsini xahiş edir:

“Bu həyatı yaşayıb və erməni gülləsi ilə deyil, bir rayonun prokuroru Tariyel Ələkbərovun təzyiqləri nəticəsində dünyasını dəyişən həyat yoldaşımın haqqını yerdə qoymayın. Mənim 6 oğul övladım var. Mən onların hər birini bu xalq, bu millət, bu dövlət uğrunda qurban verməyə hazıram, amma necə? Balaca oğlum deyir ki, ana, çıxaq gedək bu ölkədən, mənim Qarabağ uğrunda sağlamlığını itirən atamın bir rayonun prokuroru öz qanunsuz əməlləri ilə ölümünə bais oldu və cəzasız qaldı. Mən isə ona izah etmişəm ki, bu qan yerdə qalmayacaq və sövdələşərək qərar çıxaran və atanın ölümünə bais olan o prokuror öz cəzasını alacaq.

Sizdən bir ana kimi çox xahiş edirəm ki, bizim ailəyə faciə yaşadan Cəlilabad rayon prokuroru Tariyel Ələkbərovun haqqında tədbir görülməsi üçün göstəriş verəsiniz. Nə qədər ağır olsa da, bu fikrimi də sizə çatdırmaq istərdim. Bu Vətən mənə məzar, 6 oğlumun uğrunda can verəcəyi bir müqəddəsim olsa da, məcburən qeyd edim ki, əgər bu qanunsuzluqları edənlər öz cəzasını almasalar, 6 oğlumla birlikdə bu ölkənin vətəndaşlığından imtina etsəm, düşünürəm ki, kimsə məni qınamaz”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Cəlilabad rayon Polis İdarəsi ilə əlaqə saxlayıb. İdarədən işlə bağlı məlumat verə bilməyəcəklərini söyləyiblər:

“Çünki biz həmin işi Cəlilabad rayon Prokurorluğuna göndərmişik. Yəni artıq bizdən çıxıb. Ətraflı məlumat üçün onlara müraciət edin”.

Cəlilabad rayon Prokurorluğundan isə işin bağlandığını, ətraflı məlumat vermək səlahiyyətində olmadıqlarını deyiblər:

“Ətraflı məlumat almaq üçün Baş prokurorluğa müraciət edə bilərsiniz”.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az