[:az]Hərbi xidmətə aparılan jurnalistin sağlıq durumu pisləşib
Polad Aslanov işi üzrə hüquqi addımların atılmasına başlanıb
Jurnalist fəaliyyətinə görə Naxçıvana hərbi xidmətə göndərilmiş Polad Aslanovun sağlıq durumu pisləşib.
Bu barədə onun yaxınları məlumat verib. Bildiriblər ki, onun 29 yaşı var. Çəkisi 41 kiloqramdır. Ürək damarında tutulma, yüksək dəyişkən qan təzyiqi olduğu üçün indiyədək hərbi xidmətə aparılmayıb və ona “sülh dövründə hərbi xidmətə yararsız” hərbi bileti verilib.
“İndi hərbi xidmətə aparıldığından sağlıq durumu ağırlaşıb. Onun vəziyyətinin ağır olduğunu hərbi hissədə də bilirlər. Özlərinin də məsuliyyət daşıdıqlarını bildiklərinə baxmayaraq, Bakıdan göstəriş olmasa, onun evə buraxılmasının mümkün olmadığı bildirilib”.
Ailəsi bildirir ki, artıq Polad Aslanov işi üzrə hüquqi addımların atılmasına başlanıb:
“Həmçinin beynəlxalq hüquq müdafiəçilərinin də bu məsələyə ciddi reaksiya verəcəyi istisna deyil”.
Ürəyindəki damar tıxanması səbəbilə hərbi xidmətə yararsız hesab edilən və hərbi bileti olan jurnalist, 29 yaşlı Polad Aslanov qəfildən əsgərliyə aparılıb. Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova aprelin 26-da siyasi məhbusların səhhətindəki problemlərlə bağlı keçirilən tədbirdə məlumat verib.
Gülmirə Aslanova bildirib ki, həyat yoldaşını aprelin 19-da səhər saatlarında gözlənilmədən Nərimanov rayon hərbi komissarlığına çağırıblar:
“Dedilər ki, hərbi xidmətə getməlisən. Əvvəldən bizim evə heç bir bildiriş gəlməmişdi. İki saatın içində hərbi komissarlıq vasitəsilə Naxçıvana göndərdilər. Bundan əvvəl müayinə olunmuşdu, xəstəliyi təsdiqlənmişdi. Ürək damarının birində blok vardı. Çəkisi ilə boyu uyğun gəlmirdi. Təzyiqi yuxarı olurdu, güclü başağrıları vardı”.
Həyat yoldaşının sözlərinə görə, P.Aslanova açıq şəkildə deyiblər ki, onu jurnalist fəaliyyətinə görə bu yolla cəzalandırırlar. G.Aslanova bildirib ki, həyat yoldaşı hərbi xidmətə aparılmamışdan öncə onun ölkədən çıxışına qadağa qoyulmuşdu:
“İndi də hərbi hissənin tibb-sanitar bölməsindədir. Gündə beş dəfə iynə-dərman eləyirlər. Amma bilmirik ki, nə dərmanlardır, nədən müalicə eləyirlər. Hələ də mülki geyimdədir”.[:]