[:az]Anasının Qiyas İbrahimova apardığı kitablar ona verilmir.
Bu barədə Meydan TV-yə Qiyas İbrahimovun anası Şura Əmiraslanova məlumat verib.
O, bildirib ki, bu problem son bir aydır var. “Təxminən bir ay bundan öncə Qiyasa kitab aparmışdım. Kitabları ora qoyub gəldim. Bilirəm ki, rəisin müavini yoxlayır, sonra verirlər. Növbəti dəfə Qiyasa sovqat aparanda kitabları mənə qaytardılar. Səbəbini soruşdum, dedilər ki, izin yoxdur”.
Qiyas bununla neçə dəfədir ki, telefonda məndən kitablarını soruşur. Deyirəm, qoymurlar, icazə yoxdur:
“Qiyas bunun səbəbini bilir. Sonuncu dəfə danışanda dedi ki, kitabları bir də gətir, danışacam, icazə verəcəklər. Ayın 25-də yenidən apardım. Bu dəfə də vermədilər. Dedilər onsuz da həbsxanada kitabxana var və oradan istədiyi kitabı götürüb, oxuya bilər. Həmin kitabların orada olmadığını desəm də, buraxmadılar. Heç bir əsas, səbəb göstərmədən onun kitabını vermədilər”.
Ş.Əmiraslanova deyir ki, bu, son 2 ildə ilk dəfədir belə hadisə ilə rastlaşıb. Ana bunu oğluna qarşı təzyiq hesab edir. O, oğlunun kitab oxumağının nəyindən qorxduqlarını bilmədiyini söyləyir:
“Heç olmasa məntiqli bir açıqlama versinlər. Biz də başa düşək niyə belə etdiklərini”.
Q.İbrahimov digər gənc fəal Bayram Məmmədovla birlikdə 2016-cı il mayın 10-da Heydər Əliyevin heykəlinə şüar yazdıqdan bir gün sonra həbs olunub. Onların hər ikisi qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum ediliblər.
Sonradan Q.İbrahimov və atası Həsən İbrahimov haqqında yeni cinayət işi başlanıb. Onlar Cinayət Məcəlləsinin 289-cu (məhkəməyə hörmətsizlik) maddəsi ilə ittiham olunublar. Cinayət işi Bakı Apelyasiya Məhkəməsində Q.İbrahimovun işinə baxmış hakim V.Məmmədovun şikayəti əsasında başlanıb. Məhkəmədə hakim Q.İbrahimovun sözünü kəsəndə, atası əsəbiləşərək “balalarınızdan görəsiz…” deyib.
Bu, hakimə hörmətsizlik kimi qəbul edilib. Bu ittihamla Q.İbrahimovun cəzası daha üç ay artırılıb, atası isə aylıq qazancından 20 faiz tutulmaqla, 1 il 6 ay islah işlərinə məhkum edilib.
Q.İbrahimov və B.Məmmədov narkotik ittihamı üzrə özlərini təqsirli bilməyiblər. Məhkəmədə də deyiblər ki, keçmiş prezident, hazırkı dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə “Qul bayramınız mübarək!” şüarı yazılmasına görə həbs ediliblər.
“Amnesty International” təşkilatı Q.İbrahimov və B.Məmmədovu vicdan məhbusu elan edib.
Ancaq hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edirlər.[:]