[:az]Yenidən birgə mitinq qərarı verilib[:]

tərəfindən Gozetci

[:az]Demokratik Qüvvələrin Milli Şurası və Müsavat Partiyası növbəti birgə mitinq keçirmək barədə qərar verib.

Bu haqda Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli məlumat verib.

Kərimlinin bildirdiyinə görə, Milli Şura və Müsavat Partiyasının növbəti birgə mitinqi aprelin 14-nə nəzərdə tutulur.

“Mitinqlərə davam etmək haqda qərar vermişik”, deyən Kərimlinin sözlərinə görə, aksiyanın növbədənkənar prezident seçkilərindən sonraya təyin edilməsi təsadüfi deyil.

“Yalançılara, talançılara, seçkini saxtalaşdıranlara “yox” deyəcəyik”, Əli Kərimli vurğulayıb.

AXCP sədri aksiyanın təşkili ilə bağlı detallı bilgiləri təşkilat komitəsinin veriləcəyini qeyd edib.

Aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) rəsmi müraciət nəzərdə tutulur.

Milli Şura və Müsavat Partiyası son dönəmdə ilk birgə mitinqi bu il martın 10-da, ikinci aksiyanı isə martın 31-də keçiriblər. Aksiyalar şəhər rəhbərliyi ilə razılaşdırılıb.

Mitinqdə «Monarxiyaya son», «Siyasi məhbuslara azadlıq», «Bahalaşmaya etiraz edirik» və başqa şüarlar səsləndirilib.

Təşkilatçılar aksiyalardan öncə həm Milli Şuraya daxil olan AXCP-dən, həm də Müsavat Partiyasından onlarla fəalın polis bölmələrinə çağırılaraq hədələndiyini açıqlayıb. Hətta AXCP-nin ümumilikdə 10-a yaxın fəalına polisə müqavimət ittihamı ilə inzibati həbslər verildiyi bildirilib. Onlar rəsmən polisin qanuni tələbinə əməl etməməkdə günahlandırılıb.

Ancaq hüquq-mühafizə orqanları fəalların kütləvi şəkildə polisə aparılması haqda şikayətlərə münasibət bildirməyiblər.

Müxalifət baş verənləri hakimiyyətin aksiyaların kütləvi olacağından çəkinməsi kimi izah edirdi. Hakimiyyəti müdafiə edənlər isə deyirdilər ki, müxalifət belə fikirləri səsləndirməklə aksiyalara az adamların qatılmasına “don geyindirməyə” çalışır.

Prezident İlham Əliyev isə son çıxışlarında bir neçə dəfə vurğulayıb ki, ölkədə sərbəst toplaşmaq azadlığına tam əməl edilir.

Bu il Azərbaycanda prezident seçkisi altı ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

Ümumilikdə səkkiz namizəd qeydiyyatdan keçib. Bunlar Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev və «Cəbhəçilərin təşəbbüs qrupu»dan Razi Nurullayevdir.

Habelə, Yeni Azərbaycan Partiyasının sədri, hazırkı prezident İlham Əliyevin, deputat Zahid Orucun, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Qüdrət Həsənquliyevin də namizədliyi qeydə alınıb.

Bir sıra müxalif qüvvələr – Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər.

Ancaq Mərkəzi Seçkilər Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü bütün imkanlar var.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az