[:az]Nardaran işi üzrə məhkəmədə qalmaqal[:]

tərəfindən Gozetci

[:az]“Müsəlman Birliyi” Hərəkatının sədr müavini, ilahiyyatçı alim Elçin Qasımov, hərəkatın üzvləri Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Vüsal Alış və digərlərinin apelyasiya şikayəti üzrə məhkəmə prosesi aprelin 4-də başa çatıb.

Təqsirləndirilən 12 nəfər 2015-ci ilin sonunda Nardaran hadisələri zamanı həbs olunub. Onlara qarşı qanunsuz silah saxlama, dövlət çevrilişinə cəhd, dini nifaq salma və s. ittihamlar irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il 3 aydan 15 ilə qədər azadlıqdan məhrum edilən 12 nəfərin heç biri özünü təqsirli bilmir.

Bəraət istəyən təqsirləndirilən şəxslərin şikayətinə Bakı Apelyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyilə baxılırdı.

Təqsirləndirilən şəxslərin vəkilləri və özlərinin də əksəriyyəti ötən məhkəmə iclasında çıxış etmiş, bəraət hökmü çıxarılmasını istəmişdilər. Keçirilən məhkəmədə qalan iki vəkil və təqsirləndirilən şəxslərdən Fərhad Muradov çıxış edib. F.Muradovun çıxışı zamanı hakimin onun sözünü kəsməsi prosesdə qalmaqal yaranmasına səbəb olub.

F.Muradov sifarişlə həbs olunmaları, işgəncələrə məruz qalmaları, heç bir cinayət törətmədikləri, əksinə, İslam dininə uyğun olaraq, daim xeyir əməllərlə məşğul olmaları, gördükləri işlər barədə danışanda hakim ondan yalnız ittihamın mahiyyəti barədə danışmağı tələb edib. O bildirib ki, elə ittihamın mahiyyətindən danışır. Hakim deyib ki, onun danışdıqlarını vəkili artıq öz çıxışında bildirib. Fərhad Muradov hakimə etiraz edib: “Mənim evimə silah atılanda vəkilim evdə olmayıb ki… Orada nə baş verdiyini vəkil hardan bilsin?”

F.Muradovun çıxışının kəsilməsinə digər təqsirləndirilən şəxslər də etiraz ediblər. “Sizin kimi ədalətsiz hakimlərdir bu dövlətin düşməni”, “Bu hakimiyyəti, İlham Əliyevi elə sizin kimilər gözdən salır” deyərək, etirazlarını bildiriblər.

Yaranmış qalmaqala görə hakimlər məhkəmə zalını tərk ediblər. Bir qədər sonra geri qayıdıb prokurora söz veriblər. Prokuror Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəqişdirilməməsini, təqsirləndirilən şəxslərin apelyasiya şikayətlərinin təmin olunmamasını xahiş edib.

Daha sonra hakim Elşad Şamayev apelyasiya şikayətlərinin təmin olunmaması, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli hökmünün qüvvədə qalması barədə hökmü elan edib.

Təqsirləndirilən şəxslər qərara “Biz zülm etmərik, zülmə boyun əymərik” şüarı ilə qarşılıq veriblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elçin Qasımov və Ağa Əli Yəhyayev 15 il, Nahid Qəhrəmanov 13 il, Fərhad Muradov, Elgün Axundov, İsa İbrahimov, Vüsal Alış və Seyfəddin Şirvanov 12 il 6 ay, Əmirəli Əliyev, Ramil Əliyev, Əli Şahbazov və Seymur Aslanov 12 il 3 ay azadlıqdan məhrum edilib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az