[:az]
2015-ci il noyabrın 26-da Nardaranda əməliyyat keçirilən evin sahibi özünə və yaxınlarına qarşı qorxulu plan hazırlanmasından ehtiyatlandığını deyir. Əbülfəz Bünyadov bildirir ki, son on gündə ona və doğmalarına münasibətdə baş verənləri götür-qoy edəndən sonra bu fikrə gəlib. Bu barədə AzadlıqRadiosuna Ə.Bünyadov telefonla özü danışıb.
İkisi polis, dördü yerli sakin olmaqla, altı nəfərin öldüyü həmin əməliyyatda iki güllə yarası alan Bünyadovun onurğa sütunu zədələnib və o vaxtdan iflic olub. Nəinki yeriyə, hətta yataqda başqasının köməyi olmadan çevrilə də bilmir. O, əməliyyat günü ilahiyyatçı Taleh Bağırov və digərləri ilə birlikdə həbs olunub, bir il bir ay saxlanılsa da, 2016-cı ilin dekabrında evinə buraxılıb, barəsində həbs-qətimkan tədbiri polis nəzarətinə vermə ilə əvəzlənib. O vaxtdan da Nardaranda onun yaşadığı evin qarşısında içində polislər olan iki maşın gecə-gündüz dayanır.
Deyir ki, martın 19-dan qapıda dayanan polislər onun qohumlarını, hətta doğma bacılarını da evinə buraxmırlar. Nardarandakı tibb məntəqəsinin həkimi onun durumunu nəzarətdə saxlayır, mütəmadi baş çəkir. Ə.Bünyadovun sözlərinə görə, martın 29-da həkimi də evə buraxmayıblar: «Həkim zəng eləyib bildirdi ki, gəlmişdi, amma buraxmadılar. Dedi ki, çıxış yolu ancaq telefonla vəziyyətimi öyrənib, dərman yazmaq ola bilər. Bu nə özbaşınalıqdır?».
Bünyadovun sözlərinə görə, onun bədənindəki açıq yaraların sarınmasına, çarpayıda yerini dəyişməsinə, yuyunmasına, təbii ehtiyaclarının ödənilməsinə Nardaranda qonşuluqda yaşayan əmisi oğlanları yardım edirdi. On gündən çoxdur ki, onları da yanına buraxmadıqlarından ağır vəziyyətə düşdüyünü söyləyir:
«Anamın 70 yaşı var, özü də xəstədir, məni necə qaldırsın? Dörd uşağım var, hamısı da balacadır, ən böyüyünün 13 yaşı var, o birilər 4, 6, 7 yaşındadır. Uşaqlarımın biri beyin iflicidir. Həyat yoldaşımın da təkbaşına mənə gücü çatmır axı… Özümün, anamın və uşağımın dərmanlarını, evə mağazadan lazım olan ərzaqları bacım oğlanları gedib alıb gətirirdi. Onları da buraxmırlar. Bir sözlə, on gündən çoxdur ki, mənə də ailəmə də zülm eləyirlər. Yataq xəstəsi, bədənində açıq yaralar olan adam on gün sarğısı dəyişməyəndə, yuyunmayanda necə olar? Üfunət iyi verirəm…».
Ə.Bünyadovun yaxınları bildirir ki, onlar polislərdən bu cür davranışın səbəbini soruşublar. Cavab verilib ki, özbaşına eləmirlər, onlara belə göstəriş verilib: «Özümə yox, ailəmə, uşaqlarıma görə narahatam. Mən onsuz da ölü kimiyəm. Ehtiyatlanıram ki, bu, bizə qarşı növbəti çirkin planın tərkib hissəsi ola bilər. Çünki həbsxanada belə adamı öz bacıları ilə görüşdən məhrum eləmirlər».
Ə.Bünyadov olanlarla əlaqədar Ombudsman Aparatına və Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə müraciət edəcəyini söyləyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə məsələyə münasibət bildirməkdən imtina edib.
Ə.Bünyadov «Müsəlman Birliyi» Hərəkatının İdarə Heyətinin üzvüdür.
Hərəkatın sədri Taleh Bağırov, onun müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbsdədir. Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və s. maddələrlə 10 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər.
Polislərin ölümü, qanunsuz silah saxlama, dövlət çevrilişinə cəhd və başqa ağır maddələrlə suçlanan Ə.Bünyadovun məhkəməsi isə davam edir. O, hər iclasda evindən Bakı Ağır Cinayətlər Məhkəməsinə Təcili Tibbi Yardımla xərəkdə aparılır.
Ə.Bünyadov özünü təqsirli bilmir və ittihamların saxta olduğunu deyir.
T.Bağırov və onunla birlikdə mühakimə olunmuş digər şəxslər kimi, Bünyadov da saxlanılarkən və ondan sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını söyləyir. Sözügedən idarənin əməkdaşları isə məhkəmədə ifadə verərkən, işgəncə iddialarını təkzib ediblər[:]