Əlilliyi olan şəxs: Həkimə hörmət etmədim deyə sənədə sağaldığımı yazdı

tərəfindən Gozetci

Faiq Səftərov

Tovuz sakini həkim rəyindən narazıdır

Tovuzun Çatax kəndinin sakini Faiq Səftərovun şikayəti var. Deyir, 9 ildir ki, ikinci qrup əlildir və buna görə təqaüd alır. Bu il əlilliyinə görə təkrar müayinədən keçməli imiş. Buna görə Tovuz Rayon Mərkəzi Xəstəxanasına gedib. Deyir, problem yenə olduğu kimidir. Ayağı inkişafdan qalıb, arıqlayıb, əvvəlki illərə baxanda daha da zəifləyib. Ancaq sənədlərinə sağaldığını yazıblar.

“Səbəb mənə “hörmətini et, get”, – deyəndə, pulum yoxdur deməyimdir. Açığı müharibə, pandemiya dövründə xərclərim çox çıxdı, pulum tükəndi. Üstəlik, həmin gün cibimdə qalan 80 manatın 70-ni yolda itirmişdim. 5 manat yol pulu saxladım. Cəmi 5 manatım qaldı, onu da verməyə utandım. Nəticəsi də budur, məni orda saatlarla gözlətdilər, axırda da real olmayan rəy verdilər”.

Faiq Səftərov deyir ki, bunu edən xəstəxananın həkimi Əntiqə Əkbərovadır:

“Məni göndərdilər onun yanına. Getdim qapısına. 20-30 nəfər gözləyirdi. Bu pandemiya dövründə bu qədər növbə yaranmışdı. Qorxa-qorxa oturub 1 saat yarım gözlədim. Sonra içəri keçdim. Bir yarım saat da orda gözlədim. Kitabçamı açdı, baxdı, dedi, “yazarıq, hörmətini et, çıx get”. İmkanım olmadığı üçün üzümə çox pis baxıb, yola saldılar. Hələ bir dedi ki, birinci gün bir də gəl. İzah etdim ki, dağ kəndində yaşayıram, yollar qar-buz. Gəliş-gediş çətin. Dinləmədi”.

Şikayətçi deyir ki, əvvəllər ildə bir dəfə müayinədən keçirmiş. Axırıncı dəfə “5 ildən sonra gəl”, – deyiblər:

“Mən Birinci Qarabağ müharibəsi iştirakçısıyam. O vaxt ayağımdan qəlpə yarası almışdım. Problemlidir ayağım. Amma üstünə düşmədim, pensiya kəsmədilər. Amma təxminən 9 il əvvəl qəlpə yarası aldığım yerdən mişar da kəsdi. Damarlarım kəsildi, ayağım fəaliyyətini yarı-yarıya itirdi. Odur ki, mənə pensiya təyin edildi. Həmin problem bu gün də həll edilməyib. Yəni ayağımda damarların çoxu kəsilib, sinirlərim bərpa olmayıb. Hələ ayağım əvvəlkindən də çox arıqlayıb, zəifdir. Bunu müayinə edən nevropatoloq da dedi. Ancaq onun deməsinə də, mənim vəziyyətimə də məhəl qoyulmadı”.

Faiq Səfərov deyir ki, sənədləri rəy verilməsi üçün Səhiyyə Nazirliyinə göndərilib. Bunların yazdığı rəylə görünür, pensiya təyin edilməyəcək:

“4 övladım var. Ayağımın vəziyyəti də ortadadır. Övladlarımdan ikisi xəstədir. Çətinliklə dolanan ailəyik. Mənim pensiyamı haqsız yerə niyə kəsməlidirlər? Bu, mənim uşaqlarımın çörəyini kəsmək deməkdir”.

Faiq Səftərovun şikayətçi olduğu həkim Əntiqə Əkbərova Meydan TV-yə bildirib ki, bəli, belə bir hadisə olub. Yəni, Faiq Səftərov bir neçə gün öncə təkrar müayinə üçün xəstəxanaya müraciət edib:

“Ayağını bir neçə il əvvəl mişar kəsib. Eyni zamanda, damarları kəsilib. Ona görə pensiya alıb. Sonra əməliyyat olunub və damarlar da zamanla bərpa olunub. Mənlik nəsə yoxdur. Nevropatoloq baxdı, rəy yazdı. Mən də dioqnozunu yazdım, nevropatoloqun rəyini əlavə etdim və göndərdik nazirliyə”.

Həkimin xəstədən pul istəməsinə gəlincə, Əntiqə Əkbərova deyir ki, belə bir haldan söhbət gedə bilməz:

“Hər hansı pul ummaqdan və s. söhbət gedə bilməz. Özü də camaatın içində danışmışıq. Mənə dedi ki, sənədi yaz. Mən də dedim ki, növbədə adam var. Problem etdi ki, bu dəqiqə yazmalısan, mən gözləmirəm. Axırda müdir gəldi, dedi, müayinələrdən keçməlisən. Əvvəlcə “mənə lazım deyil”, – dedi. Sonra getdi müayinələrdən keçdi. Əlillik dərəcəsinə gəlincə, onu biz yox, Bakı müəyyən edir. Burada mənlik, xəstəxanalıq nəsə yoxdur”

Faiq Səftərovun sözlərinə görə, ayağını əvvəlki kimi hərəkət etdirə bilmir, bu isə işləməyinə maneədir:

“Kəsilən yer böyükdür, hələ də bir az soyuq düşən kimi sızıldayır. İllərdir əziyyət verir, müalicə olunuram. Ancaq görünür çox da işə yaramır, çünki axır vaxtlar daha da arıqlayıb”.

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az