Fərid İsmayılov
Beynəlxalq mətbuat azadlığı təşkilatı Jurnalistləri Müdafiə Komitəsi “Toplum TV”-nin həbsdə olan əməkdaşı Fərid İsmayılova qarşı ölüm təhdidlərindən narahatlığını bildirib.
Təşkilatın Avropa və Asiya üzrə şöbəsinin “X” səhifəsində bu barədə açıqlama verilib.
Açıqlamada Azərbaycan hakimiyyətindən F.İsmayılovun təhlükəsizliyini təmin etmək və o da daxil olmaqla “nahaq yerə həbs olunmuş” 25-dən çox jurnalisti azad etmək tələb olunur.
Sentyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə keçirilən prosesdə çıxış edən F.İsmayılov saxlanıldığı Bakı İstintaq Təcridxanasında yan kameradakı məhkumun onu öldürməklə hədələdiyini bildirib.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.
“Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.
Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.
Toplum TV