Ülvi Həsənlinin həyat yoldaşının ölkədən çıxışına qadağa qoyulub

by Gozetci

“Abzas Media”nın həbsdə olan direktoru Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyevanın ölkədən çıxışına qadağa qoyulub.

“Abzas Media”nın məlumatına görə, R.Quliyeva sentyabrın 28-də həyat yoldaşının  namizəd olduğu Vatslav Havel İnsan Haqları Mükafatının təqdimetmə mərasimində iştirak etmək üçün Strasburqa uçmalı idi. Lakin Bakıda hava limanında pasport yoxlanışı zamanı ona Daxili İşlər Nazirliyinin onun ölkədən çıxışına qadağa qoyduğu bildirilib.

Qadağanın nə ilə bağlı olduğu barədə isə heç bir izahat verilməyib.

“Abzas Media işi” üzrə istintaq və məhkəmə başa çatıb və Ülvi Həsənli də daxil olmaqla təqsirləndirilən şəxslərə hökm oxunub.

Rübabə Quliyeva məsələ ilə bağlı “Abzas Media işi”nin istintaqını aparan Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi Samir İsmayılovla əlaqə saxlasa da, müstəntiq qadağadan xəbərsiz olduğunu və araşdıracağını bildirib.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub.

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Abzas Medianın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər və müdafiəçiləri istintaqın ortaya tutarlı sübutlar qoymadığını bildirib.

Toplum TV 

You may also like