Anar Məmmədli
Hüquq müdafiəçisi məhkəmə çıxışında 2020–2024-cü illərdəki fəaliyyətinin qanuni, ittihamların isə əsassız və saxta olduğunu deyib
29 sentyabr 2025-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasında Anar Məmmədli müdafiə çıxışını davam etdirib. Məmmədli ittiham aktında yer alan ittihamları rədd edərək, məhkəmədən və prokurordan bununla bağlı sübutlar və qanuna istinad edilən izahat tələb edib.
Məmmədli 2020–2024-cü illərdəki ictimai fəaliyyətinin milli və beynəlxalq hüquqi əsasları və mahiyyəti haqqında ətraflı məlumat verib və ona qarşı irəli sürülən “qaçaqmalçılıq”, “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması”, “qanunsuz sahibkarlıq”, “vergidən yayınma” kimi ittihamların cinayət qanununa zidd olmasını və eləcə də istintaqın sübut toplama prosesində yol verdiyi çox saylı pozuntuları məhkəmənin diqqətinə çatdırıb.
Çıxışında Məmmədli bəyan edib ki, SMDT və şəxsən onun fəaliyyəti seçkilərin monitorinqi, yerli icma qruplarının maarifləndirilməsi, mülki və siyasi hüquqlar üzrə şikayətlərin toplanması və sənədləşdirilməsi, eləcə də milli və beynəlxalq hüquqi müdafiə mexanizmlərindən istifadəni təşviq etməyə yönəlib. O, həmçinin pandemiya dövründə fəaliyyətin dayanmasına baxmayaraq, istintaqın saxta “layihə siyahıları” hazırladığını qeyd edib. Məmmədli 2020 parlament və 2024 prezident seçkilərinə dair rəy və hesabatlar hazırladığını, karantin məhdudiyyətlərinin hüquqi qiymətləndirilməsi ilə bağlı ictimai çıxışlar etdiyini vurğulayıb. Eyni zamanda müharibə dövründə və ondan sonrakı mərhələdə mülki itkilərə dair materialların toplanmasına və AİHM müraciətlərinin hazırlanmasına töhfə verdiyini qeyd edib.
Məmmədli ona qarşı irəli sürülən “qaçaqmalçılıq” ittihamını sadəcə 2019–2024-cü illərdə etdiyi 19 xarici səfər etməsi faktı ilə əsaslandırılmasının cinayət qanunlarına zidd olduğunu, o cümlədən bütün bu səfərlərinin hamısında gömrük yoxlamasından keçdiyini və yazılı bəyannamələr təqdim etməyə məcbur edildiyini məhkəmənin diqqətinə çatdırıb. O, Dövlət Gömrük Komitəsindən bu yazılı məlumatların məhkəməyə təqdim olunmasını tələb edib.
Çıxışında Məmmədli beynəlxalq insan hüquqları təşkilatları ilə əməkdaşlığının da qərəzli şəkildə kriminallaşdırıldığından bəhs edib. O, həm 2013, həm də 2024-cü ildəki həbslərinin prezident seçkilərinə dair tənqidi çıxışlarından dərhal sonra baş verdiyinə diqqət çəkərək, hər iki halda istintaqın faktlara və qanuna deyil, hüquqları kriminallaşdıran siyasi sifarişə söykəndiyini bildirib.
Daha sonra Məmmədli bildirib ki, saxlanılma və istintaq zamanı kompüter və telefonlarına onun və ya vəkillərinin iştirakı olmadan baxılıb, şəxsi və peşəkar materialları təhrif edilib, maliyyə sənədləri isə ekspertiza aparılmadan qiymətləndirilib. Mənşəyi və mötəbərliyi araşdırılmayan məlumlatlara dair Məmmədli qeyd edib ki, “istintaq audit və vergi yoxlaması səlahiyyətlərini mənimsəyərək prosesi qanunsuz şəkildə aparmış, nəticədə qarışıq və əsassız “maliyyə əməliyyatları” görüntüsü yaratmağa çalışmışdır.”
Daha sonra Məmmədli “cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması” ittihamı haqqında bildirib ki, ona məxsus olan avtomobil və bank hesabındakı vəsaitin əsas hissəsi Azərbaycan dövləti tərəfindən ona ödənilmiş AİHM kompensasiyasıdır. İttiham aktında isə bu əmlakın hansı cinayət nəticəsində əldə olunduğu göstərilmir. Məmmədli qeyd edib ki, leqallaşdırma ittihamını əsaslandırmaq üçün tələb olunan iki əsas şərt i) cinayət yolu ilə əldə edilmiş əmlak və ii) onun leqallaşdırılması ittiham aktında göstərilmir. İstintaqın “qeydiyyata alınmalı qrant” yanaşması isə bu ittihamı öz-özlüyündə təkzib edir.
Məmmədli “qeydiyyatsız qrant müqavilələri” barədə iddiaların da əsassız olduğunu bəyan edərək izah edib ki, istintaq tərəfindən təqdim edilən bir çox faylların gerçəkliyi yoxlanılmamış və 2009–2015 dövrünə aid şablon təlim və maliyyə faylları “maliyyə sənədi” kimi təqdim edilib. Lakin onların mötəbərliyi və kriminal xarakteri heç bir şəkildə sübuta yetirilmir.
Məmmədli yekunda qeyd edib ki, istintaq Cinayət Məcəlləsini məqsədli şəkildə təhrif edərək, Konstitusiya və beynəlxalq konvensiyalarla təminat altına alınmış hüquqları kriminallaşdırmağa çalışıb. O, əsassız və qondarma ittihamlar əsasında qurulan cinayət işinə xitam verilməsini məhkəmədən tələb edib.
Növbəti məhkəmə iclası 27 oktyabr saat 14:00-ə təyin edilib.
Full link to the text in English