Xalq Cəbhəsinin iki üzvündən xəbər yoxdur

tərəfindən Gozetci

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) iki fəalı ilə dünən, mayın 20-dən əlaqənin kəsildiyi bildirilir.

Bu barədə elə AXCP məlumat yayıb.

Bildirilib ki, onlar partiyanın Binəqədi şöbəsinin üzvü, AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Novruz Tağıyev və onu hərdən öz maşını ilə bəzi tədbirlərə aparan, Xətai şöbəsinin üzvü Rəşad Əliyevdir.

AXCP sədri də vurğulayıb ki, onun ətrafını hədəf götürüblər:

“Beləliklə, son iki ayda məni müxtəlif tədbirlərə öz maşını ilə aparan və ya məni həmin tədbirlərdə müşayiət edən səkkiz nəfər cəbhəçi fəal həbs olunub”.

Hələlik, bu deyilənlərə Daxili İşlər Nazirliyi (DİN) və başqa rəısmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Müxalifətdə olan AXCP-nin hazırda 15-ə yaxın üzvü uzunmüddətli həbsdədir. Üstəlik, bir çox fəalları inzibati qaydada həbs edilib. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Yerli hüquq müdafiəçilərinin hesablamalarına görə, hazırda ölkə həbsxanalarında 350-dən çox siyasi məhbus var. Hökumət belə siyahıları qəbul etmir.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az