Bəxtiyar Hacıyevin aclığı dayandırdığı bildirilir

tərəfindən Gozetci

Bu gün növbəti dəfə onun apelyasiya şikayətinə baxılacaq

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev dekabrın 15-dən başladığı aclıq aksiyasını dayandırıb. Bu barədə Meydan TV-yə onun vəkili Aqil Layıc məlumat verib.

Vəkil bildirib ki, müvəkkili ailə üzvlərinin, ictimaiyyətin və vəkillərinin fikrini nəzərə alaraq, aclığı dayandırmağa qərar verib.

“Aclıq aksiyasını rəsmi və faktiki olaraq dayandırıb. Hazırda səhhəti normaldır, həkim nəzarətilə qidalanmağa başlayıb. Ona dəstək olan hər kəsə minnətdarlığını bildirdi. Ona qarşı olan haqsızlığa son qoyulmasını tələb edir”, – vəkil bildirib.

Aqil Layıc əlavə edib ki, Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması üçün növbəti dəfə məhkəməyə vəsatət veriblər. Vəsatətə dekabrın 29-da saat 17.00-da Xətai Rayon Məhkəməsində baxılacaq.

Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur.

Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Bir müddət öncə sosial şəbəkələrdə Yasamal rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.

Lakin Bəxtiyar Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi. O, 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını deyib. Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az