Şirvan şəhərindəki məktəb və bağçalarla bağlı Baş Prokurorluğa şikayət etmiş keçmiş direktor haqqında niyə cinayət işi başlanıb?
Şirvan şəhərindəki 3 nömrəli “Yasəmən” körpələr evi-uşaq bağçasının keçmiş müdiri Elmira Səfərova deyir ki, onu şikayət etdiyinə görə cəzalandırırlar. Söhbət Şirvandakı uşaq bağçalarında, məktəbdə baş verən qanunsuzluqlardan və bu özbaşınalıqlara yol verən şəxsləri himayə edən məmurlarla bağlı şikayətlərdən gedir.
Bağçada yeyinti ittihamı
Təxminən 20 gün əvvəl Şirvan Şəhər Prokurorluğu “Yasəmən” uşaq bağçasında yeyinti haqda açıqlama yaymışdı. İddia olunur ki, prokurorluğa gələn şikayət əsasənda araşdırma aparılıb və bağçanın müdiri Elmira Səfərovanın bu vəzifədə işlədiyi müddətdə 16 min 177 manat pul mənimsədiyi üzə çıxıb. Bu üzdən faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda mənimsəmə) maddələrilə cinayət işi başlanıb.
“Şirvan Şəhər Prokurorluğu korrupsiya hallarını araşdırmaqdan yayındı”
2015-ci ildən 2022-ci ilin avqustuna qədər bağça müdiri işləmiş Elmira Səfərova isə bildirir ki, onun özünün şikayətlərindən sonra onu susdurmaq üçün cinayət işi başlanıb. O, bu barədə elm və təhsil naziri Emin Əmrullayevdən tutmuş, Baş prokuror, Ombudsmana qədər müxtəlif instansiyalara məktub yazıb. Keçmiş direktor cinayət işi başlanmamışdan öncə yazdığı şikayətdə bəhs olunan problemləri onların nəzərinə çatdırıb. Elmira Səfərova vurğulayıb ki, məhz bu pozuntuları səlahiyyət sahiblərinin nəzərinə çatdırdığına görə onu cəzalandırırlar.
O, həm də gileylənir ki, Baş Prokurorluğa ünvanladığı əvvəlki şikayət məktubu araşdırılması üçün Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə yox, Şirvan Şəhər Prokurorluğuna yönləndirilib:
“Şirvan Şəhər Prokurorluğu mənim şikayətimdə göstərilən xüsusatları yoxlamaq əvəzinə, işdən çıxarılmağımla bağlı məsələni araşdırmaqla məşğul oldu. Son nəticədə korrupsiyaya şərait yaradan halları, Şirvan Şəhər İcra Hakimiyyəti ilə Regional Təhsil İdarəsi səviyyəsində yol verilən qanunsuzluqları araşdırmaqdan yayındı. Şirvan Şəhər Prokurorluğu ümumi şəhər səviyyəsində olan və sistemli xarakteri daşıyan bu əməlləri ifşa etmək, qanuna uyğun tədbir görmək iqtidarında deyil”.
“İcra başçısının müavininin baldızıdır deyə…”
Elmira Səfərova iddia edir ki, onu cəzalandırmaq üçün prokurorluğa ünvanlanan şikayət məktubları da bilərəkdən təşkil olunub:
“Bağçanın tərbiyəçisi Vüsalə Əhmədovanın həm mənim, həm də bağçanın kollektivindən yazdığı şər-böhtanlarından, ona himayədarlıq edən Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini Rövşən Allahverdiyevin (Şirvan Şəhər Təhsil Şöbəsinin keçmiş müdiri-red.) əlindən boğaza yığılmışam. Rövşən Allahverdiyevin, Şirvan Şəhər İcra Hakimiyyətinin maliyyə sektorunun müdiri Həzi Qasımovun əməllərindən bağça və məktəblərdə nə qədər əziyyət çəkən var. Təsəvvür edin, heç bir rəsmi əmr, Təhsil Nazirliyinin razılığı olmadan, 13 saylı məktəbin direktoru Aynurə Rzayeva eyni zamanda, 16 saylı məktəbin direktoru vəzifəsini də faktiki icra edib. Həmin dövrdə bütün maliyyə- təsərrüfat sənədlərinə imza atıb. Vaxtilə bu məsələ ilə əlaqədar müəyyən orqanlar yoxlama apardı. Lakin nə məsələdirsə, himayədarları sayəsində ört-basdır edildi. Səbəb də budur ki, həmin direktor Aynurə Rzayeva Şirvan şəhərinin icra başçısının müavini Məharət Mustafayevin baldızıdır”.
“Elektron imzalar özümüzdə yox, icra hakimiyyətinin məsul şəxsində olub”
Elmira Səfərova dövlət orqanlarına şikayət məktublarında bağçalara aid elektron imzalardan da bəhs edib. Onun sözlərinə görə, bağçalara aid elektron imzalar bağça müdirlərində deyil. Onlar icra hakimiyyətində və Rövşən Allahverdiyevin nəzarətindədir. O iddia edir ki, həmin imzalardan istifadə olunmaqla, maliyyə məsələlərinə müdaxilə olunur, dövlət büdcəsinə ziyan vurulur.
“Bu maliyyə maxinasiyaları üzə çıxanda isə bütün məsuliyyəti bağça müdirlərinin üstünə atırlar. İşlədiyim müddətdə mənə məxsus elektron imza heç vaxt mənə verilməyib. Bu, başqa bağça müdirlərinə də aiddir. Bizim icazəmiz olmadan başqa icra hakimiyyətinin məsul şəxsi ondan istifadə edib. Bağçalar icra hakimiyyətlərindən alınıb təhsil şöbələrinə verilsə də, Şirvandakı bağçaların müdirlərinin elektron imzaları həmin şəxslərdədir. Mən və bütün bağça müdirləri şəhər icra hakimiyyəti və sonradan təhsil şöbəsinin verdiyi tapşırıqları icra etmişik”, – Elmira Səfərovanın sözləridir.
O hesab edir ki, əgər bu məsələləri Korrupsiyaya Qarşı Mübarizə İdarəsi araşdırsa, şikayət məktublarında göstərdiyi hallar təsdiqini tapacaq.
Prokurorluq nə deyir?
Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəis müavini Fəqan Mahmudov keçmiş bağça müdirinin onun haqqında Şirvan Şəhər Prokurorluğunda araşdırmaların obyektiv aparılmaması, qərəzli olması haqda şikayətinə cavab verib. O bildirib ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin 4 iyul 2022-ci il tarixli əmrinə əsasən, “Yasəmən” uşaq bağçasında yoxlama aparılıb və akt tərtib edilib. Həmin akta əlavə edilmiş yoxlama materialları əsasında Şirvan Şəhər Prokurorluğunda ilkin araşdırma gedib. Nəticədə 27 min 808 manat israfetmə müəyyənləşdirilib. Bu faktlar əsasında da Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 maddələrilə 3 avqust 2022-ci ildə cinayət işi başlanıb:
“Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. İstintaqın nəticəsindən asılı olaraq, qanuni qərarın qəbul edilməsi təmin olunacaq”.
Meydan TV