“Toplum TV” internet kanalı ilə bağlı cinayət işi üzrə həbs olunan jurnalist və fəalların məhkəməsində ittiham aktının açıqlanma mərhələsidir. İttihamlar 9 nəfəri əhatə etdiyindən, onun elan edilməsi uzun çəkir.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ötən məhkəmə iclasında “Toplum TV”nin qurucusu, media hüququ eksperti Ələsgər Məmmədli və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, eləcə də III Respublika Platformasının spikeri Akif Qurbanov haqqında ittiham açıqlanmışdı.
Prokuror Rauf Malışov iyunun 2-də keçirilən məhkəmədə “Toplum TV”nin jurnalisti Müşfiq Cabbarov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli haqqında ittihamları elan edib.
Ruslan İzzətli özü haqqında ittiham aktında düzgün yazılmadığını bildirərək, bir sıra məsələlərə etirazını dilə gətirib. Məhkəmə prosesinə sədrlik edən hakim Azər Tağıyev söz verib ki, onun etiraz etdiyi məsələlər prosesin gedişində araşdırılacaq.
Təqsirləndirilən şəxslərdən daha 3 nəfər – jurnalist Fərid İsmayılov, Elmir Abbasov və İlkin Əmrahov haqqında ittihamın elanı isə iyunun 23-də keçiriləcək növbəti məhkəmə iclasına qalıb.
AzadlıqRadiosu