Fazil Qasımov
İstanbul Universitetinin azərbaycanlı doktorantı Fazil Qasımovun həbsdə 10 gündür aclıq etdiyi bildirilir.
Bu barədə AzadlıqRadiosuna məlumat verən yaxınlarının dediyinə görə, Bakının Qaradağ rayonu, Umbakı qəsəbəsindəki penitensiar müəssisədə saxlanılan Fazil Qasımov qanunsuz həbsdə saxlanmasına, yazdığı şikayət və ərizələrin göndərilməməsinə etiraz edir:
“Mayın 10-dan aclığa başlayıb. Heç bir cinayət törətmədiyi halda, Bakı Ağır Cinayətlər Məhkəməsi saxta valyuta ittihamı ilə 9 il cəza kəsdi. Bircə dənə də sübut ortaya qoyulmadı. Fazil Qasımov isə təqsirsiz olduğunu təsdiqləyən nə qədər sübutlar gətirdi, heç birini nəzərə almadılar. Bu adamın da gücü ancaq öz canına qıymağa çatır”.
Fazil Qasımovun aclıq aksiyası keçirməsi barədə deyilənləri vəkili Nemət Kərimli də AzadlıqRadiosuna təsdiqləyib. O bildirib ki, müvəkkili mayın 10-dan aclığa başlayıb.
Xatırladaq ki, Fazil Qasımov iqtisadçı Qubad İbadoğlunun həbsindən təxminən 10 gün sonra – 2023-cü ilin avqustunda İstanbulda saxlanılıb və Bakıya gətirilib. Onunla eyni cinayət işi üzrə təqsirləndirilərək həbs olunan alimin işinə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır.