“Abzas Media” əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı çıxış edərək jurnalistlərə uzunmüddətli həbs cəzaları tələb edib.
Dövlət ittihamçısı “Abzas Media”nın direktoru Ülvi Həsənlinin və jurnalist Hafiz Babalının hər birinin 12 il, baş redaktor Sevinc Vaqifqızının (Abbasova), Məhəmməd Kekalov, Nərgiz Absalamova və Elnarə Qasımovanın hər birinin 11 il, Fərid Mehralızadənin isə 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses iyunun 10-da davam edəcək.
Xatırladaq ki, 2023-cü il noyabrın 21-dən başlayaraq “Abzas Media”nın bir neçə əməkdaşı həbs olunub. İlk olaraq direktor Ülvi Həsənli və baş redaktor Sevinc Vaqifqızı saxlanılıb, ardınca direktor müavini Məhəmməd Kekalov (noyabrın 23-də), əməkdaşlar Nərgiz Absalamova (dekabrın 1-də), Hafiz Babalı (dekabrın 13-də) və Elnarə Qasımova həbs edilib.
Jurnalistlərə qarşı əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə isə onlara qarşı əlavə olaraq 193-1.3.2-ci maddə (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması – xeyli miqdarda törədildikdə) üzrə yekun ittiham elan olunub.
Jurnalistlər ittihamları rədd edir və həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Hüquq müdafiəçiləri və yerli, beynəlxalq təşkilatlar “Abzas Media” əməkdaşlarının siyasi motivli ittihamlarla susdurulmağa çalışıldığını bildirir.
Meydan TV
16
əvvəlki yazı