Ülviyyə Əli (Quliyeva)
Bakının Xətai Rayon Məhkəməsi jurnalist Ülviyyə Quliyevanın ölkədən çıxışına qadağa qoyulması ilə bağlı şikayətini icraata götürməkdən imtina edib.
Bu barədə jurnalistin özü Facebook səhifəsində məlumat yayıb.
“Barəmdə qanunsuz və hüquqazidd şəkildə çıxarılmış ölkədən çıxış qadağası ilə bağlı Xətai Rayon Məhkəməsinə verdiyim şikayət icraata belə götürülmədi, yəni məhkəmə işə mahiyyəti üzrə baxmaqdan imtina etdi”, o qeyd edib.
O, məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyini bildirib.
“Bu o deməkdir ki, sərbəst hərəkət hüququmdan əlavə, mənim məhkəməyə çatımlılıq hüququm da pozulur. Qərarla razılaşmıram və apellyasiya şikayəti verəcəm. Əslində məhkəmə işi icraata götürüb şikayətimə mahiyyəti üzrə baxmalıdır və qərar qəbul etməlidir ki, mənim ölkədən çıxışıma qoyulan qadağa qanunsuzdur. Mən işdə şahidəm və Miqrasiya Qanununun 9-cu maddəsinə görə şahidin ölkədən çıxışına qadağa qoyula bilməz, ancaq təqsirləndirilən şəxs barəsində belə qadağa tətbiq oluna bilər”, jurnalist Facebook səhifəsində yazıb.
Xətai Rayon Məhkəməsinin dəftərxanasından jurnalistin şikayətinin icraata götürülməməsi ilə bağlı məlumat verməyiblər.
Amerikanın Səsi ilə əməkdaşlıq edən jurnalist Ülviyyə Quliyeva yanvarın 16-da Bakı Şəhər Baş Polis İdarəsində “Meydan TV işi” ilə bağlı dindirildikdən sonra sərbəst buraxılıb və onun ölkədən çıxışına qadağa qoyulduğu bildirilib.
“Ölkədən çıxışıma qadağa qoyulduğunu yalnız özüm soruşandan sonra dedilər. Bu isə müdafiə hüququmun təşkilinə mane olur, yəni vaxtında bundan xəbər tutmayanda məhkəməyə şikayət etmək (iddia) müddətini ötürə bilərəm. Bu qadağa sərbəst hərəkət etmə hüququmu da pozur. Bunu həm də jurnalist fəaliyyətimə təhdid kimi də qiymətləndirirəm”, Quliyeva deyib.
Jurnalistikada Qadınlar üçün Koalisiya jurnalist Ülviyyə Quliyevanın ölkədən çıxışına qadağa qoyulmasını pisləyib.
Amerikanın Səsi