“Bütün siyasi məhbusların azad olunmasını tələb edirik. Siyasi məhbusların sağlıq durumuna görə hakimiyyət məsuliyyət daşıyır”.
Bu barədə Müsavat Partiyasının Divanının (İdarə Heyəti) fevralın 3-də keçirlən iclasında bəyan edilib.
“Müsavat Partiyası siyasi motivlərlə həbs olunmuş şəxslərdən bəzilərinin, o cümlədən ictimai fəallar Anar Məmmədli və Ələsgər Məmmədlinin səhhətində problemlər yaranması ilə bağlı məlumatlardan narahatdır”, Müsavat Partiyasının məlumatında deyilir.
Yerli hüquq müdafiə təşkilatlarının son hesabatına görə, ölkədə 331 nəfər siyasi məhbus var. Hüquq müdafiə təşkilatları bildirir ki, siyasi məhbusların bir çoxu xəstəliklərdən əziyyət çəkir, onlara keyfiyyətli tibbi yardım göstrərilmir. Bununla yanaşı sosial mediada siyasi məhbus kimi tanınan şəxslərə qarşı son zamanlar təzyiqlərin artdığı barədə məlumatlar yayılır.
Öz növbəsində, Penitensiar Xidmət Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, məhbuslara qarşı təzyiqlərlə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
“Saxlanma yerlərində və cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə qarşı münasibətlər qanunvericilik normalaraına və daxili nizamnamə qaydalarına uyğun qurulur, hər hansı ayrıseşkiliyə yol verilmir”, cavabda qeyd edilir.
Azərbaycan hakimiyyəti isə ölkədə siyasi məhusların olmadığını və insanların iradəsinə görə təqibə məruz qalmadğını bəyan edir.
Bununla yanaşı, Azərbaycan insan hüquqları və siyasi məzmunlu təqiblərlə bağlı beynəlxalq təşkilatlar tərəfindən ən çox tənqidə məruz qalan ölkələrdən biridir. Avropa İttifaqı, Avropa Parlamenti, ABŞ Dövlət Departamneti Azəıbaycanda haqsız həbsə məruz qalanların azadlığa buraxılmasını tələb edən bəyanatlarla çıxış edib.
Amerikanın Səsi