Akif Qurbanovun ailə üzvlərinin əmlaklarına həbs qoyulduğu bildirilir

tərəfindən Gozetci

Akif Qurbanov

 

“III Respublika Platforması”nın spikeri Akif Qurbanovun mülkiyyətində olmayan 2 avtomobil və bağ evinə istintaq dövründə həbs qoyulub. Avtomobillərdən biri atasının, digəri isə etibarnamə ilə Qurbanovun istifadəsində olub. Xətai Rayon Məhkəməsi həbs qərarını ötən ilin iyul ayında versə də, qərar dekabrda icra olunub. Bu barədə məlumatı “III Respublika Platforması” verib.

ResPlatformanın qurucu heyət üzvü, hüquqşünas Səməd Rəhimli bu addımı Akif Qurbanovun fəaliyyətinin davam etməsi ilə əlaqəndirir və hakimiyyətin ondan qisas aldığını düşünür.

“O, həbsdə olmasına baxmayaraq, öz çıxışlarını edir, bəyanatlarını verir və hesab edir ki, siyasi iştirakçılıq davam etməlidir, Qurbanov siyasi mövqeyini ifadə etməyə davam edir. Belə olan halda isə Akif Qurbanova qarşı münasibətdə əllərinə keçən hər fürsətdə əlavə məhdudiyyətləri tətbiq etməyə davam edirlər. Çünki Akif Qurbanov repressiyalara baxmayaraq öz fəaliyyətini davam etdirməkdə israrlıdır”, deyə, hüquqşünas qeyd edib.

Səməd Rəhimli bildirib ki, məhkəmə əmlakın qanunsuz əldə edilən maliyyə əsasında alındığını əsas gətirir, lakin avtomobillərdən birinin alınma tarixi ilə ittihamın əhatə etdiyi dövr arasında ziddiyyət var:

“İttihama görə 2020-2024-cü illərdə qanunsuz fəaliyyət olub və bu fəaliyyət nəticəsində əmlaklar əldə edilib, lakin ondan əvvəlki dövrə aid əldə edilən əmlak üzərinə həbs qoyula bilməz. Çünki ittihamın çərçivələri məhduddur, hətta ittihamın siyasi xarakterini bir kənara qoysaq, onlar formal məsələlərə də əməl etməyiblər”.

Akif Qurbanovun həyat yoldaşının mülkiyyətində olan bağ evi də üzərinə həbs qoyulmuş əmlaklar arasındadır. Rəhimli qeyd edir ki, bununla bağlı məhkəmənin qərarının alınmasına çətinliklər yaradılır.

“Bu qərarlar tərəfin iştirakı olmadan verilir və tərəf bunu uzun müddət sonra öyrənə bilir. Məhkəmə qərarının üstündən 3-4 ay keçmiş olur, lakin sən bununla bağlı şikayət vermək istəyəndə “müddətin keçdiyini” bildirirlər”, deyə, Rəhimli əlavə edib.

Məsələ ilə bağlı rəsmi qurumlardan mövqe almaq mümkün olmayıb.

“Toplum TV işi” üzrə nə baş verib?

Martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu”, həmçinin “III Respublika Platforması”nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb. Lakin “Toplum TV”nin ofisinin qapısı möhürlənib. “Toplum TV”nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkanim tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri, həmçinin “III Respublika Platforması”nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Martın 8-də “III Respublika Platforması”nın qurucu heyət üzvü Ruslan İzzətli və “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli həbs olunub. Xətai Rayon Məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Hər ikisi də qaçaqmalçılıqda ittiham olunur.

2024-cü ilin iyul ayından başlayaraq bütün həbs olunanların həbs qətimkan tədbiri bir neçə dəfə uzadılıb.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az