AŞPA Azərbaycanda insan hüquqlarının vəziyyətini müzakirə edəcək

tərəfindən Gozetci

AŞPA payız plenar iclası

 

Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair müzakirələr Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının gündəliyinə salınıb.

Bazar ertəsi başlayan sessiyanın ilk günündə keçirilən səsvermə ilə “Azərbaycanda insan hüquqları, qanunun aliliyi və demokratiyanın vəziyyətinin pisləşməsi” mövzusu cari debatlar proseduru üzrə gündəliyə salınıb.

Səsvermədən əvvəl Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Gürcü Arzusu partiyasından Givi Mikanadze Azərbaycanın nümayəndə heyətinin sessiyada iştirak etmədiyini əsas gətirərək mövzunun gündəliyə salınmasına qarşı çıxıb.

“Eyni zamanda nəzərə almalıyıq ki, bu yaxınlarda parlamentə yeni seçkilər keçirildi. Hesab edirəm ki, Avropa Şurası Parlament Assambleyasının dəyərlərinə uyğun olaraq, bütün tərəflərin burada olması və iştirak etməsi, həmçinin yeni seçilmiş parlamentlə birbaşa əlaqə yaratmaq imkanlarının müzakirəsi vacibdir”, Mikanadze deyib.

AŞPA-nın Bürosu adından danışan rumıniyalı deputat Yulian Bulay isə qeyd edib ki, həm Prezident Komitəsində, həm də Büroda məsələ ilə bağlı yekdil qərar var.

Assambleya üzvlərindən 81-i mövzunun gündəliyə salınmasının lehinə, 33-ü əleyhinə səs verib, 5 deputat bitərəf qalıb.

Sessiyaya qatılmaq üçün Strasburqda olan “III Respublika Platforması”nın qurucu heyət üzvü Elman Fəttah qeyd edib ki, Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin yanvar ayında dondurulmasından sonra ölkədə insan hüquqlarının vəziyyəti daha da pisləşib və vəziyyət belə davam edərsə, Azərbaycanın qurumdan kənarlaşdırılması gündəmə gələ bilər.

“Bir halda ki, Azərbaycan Avropa Şurası ilə bağlı hər hansı bir öhdəliyini yaxına buraxmır, buraxın böyük öhdəlikləri, hətta insan haqları ilə bağlı ən ibtidai öhdəlikləri, nəinki həbs olunmuşları azad edir, hətta yeni həbslər dalğasını daha da intesivləşdirir, bu halda proses Azərbaycanın Avropa Şurasından çıxarılması istiqamətinə davam edəcək”, Elman Fəttah deyib.

Mövzu ilk olaraq təcili debatlar proseduru üzrə irəli sürülsə də, sonradan müzakirələrin cari debatlar proseduru üzrə keçirilməsinə qərar verilib. Nəticə olaraq müzakirələrin sonunda hər hansı sənəd qəbul edilməyəcək.

AŞPA-dakı mənbələrdən Amerikanın Səsinə bildiriblər ki, AŞPA-nın Prezidenti, Baş katibi və siyasi qrupların liderlərinin yer aldığı AŞPA Prezident Komitəsi sonda bu qərara gəlib.

Müzakirələr AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi, norveçli deputat Liz Kristoffersenin açılış nitqi ilə oktyabrın 1-də keçiriləcək.

AŞPA Azərbaycanın öhdəliklərin yerinə yetirməməsi və insan hüquqlarının vəziyyətini əsas gətirərək azərbaycanlı deputatların etimadnaməsini bu ilin yanvar ayında ratifikasiya etməyib.

Assambleyada səsvermədən əvvəl qurumda iştirakını dayandırdığını bəyan edən Azərbaycanın nümayəndə heyəti baş verənlərin Azərbaycana qarşı aparılan qərəzli kampaniyanın bir hissəsi olduğunu qeyd edib. Nümayəndə heyəti insan hüquqlarının vəziyyəti, qurumla əməkdaşlıqdan imtinaya dair səsləndirilən tənqidlərə toxunmayıb.

Növbəti aylarda Azərbaycanda jurnalistlərə və fəallara qarşı təqiblərin və həbslərin davam etməsindən narahatlıq ifadə edən AŞPA üzvləri, o cümlədən, Azərbaycan üzrə həmməruzəçi Liz Kristoffersen rəsmi Bakını siyasi məhbusları azad etməyə, vətəndaş cəmiyyətinə qarşı təqibləri dayandırmağa və insan hüquqları sahəsindəki beynəlxalq öhdəliklərinə əməl etməyə çağırıb.

Avqustun 25-də Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsinə səs verən deputatları “arzuolunmaz şəxslər” siyahısına daxil etdiyini açıqlayıb.

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 6-da İtaliyada Çernobbio Forumunda çıxışı zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsini “qırmızı xəttin keçilməsi” və Azərbaycanın suverenliyini bərpa etməsinə görə tətbiq edilən sanksiya adlandırıb.

AŞPA üzvlərinin Azərbaycanda “arzuolunmaz şəxs” elan edilməsinə toxunan İlham Əliyev qeyd edib ki, Azərbaycanın nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa edildikdən sonra onlara qarşı qoyulmuş qadağa aradan qaldırılacaq.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az