Beynəlxalq təşkilatlar Avropa Şurası Parlament Assambleyasını Azərbaycan nümayəndə heyətinin Assambleyaya qayıtması üçün şərtləri müəyyən etməyə çağırıblar

tərəfindən Gozetci

Avropa Şurası

Sentyabrın 25-də İnsan Hüquqları Evləri Fondu və daha on beynəlxalq hüquq-müdafiə təşkilatı Avropa Şurası Parlament Assambleyasını Azərbaycanda davam edən repressiyalara reaksiya verməyə çağırıb.

“2025-ci ilin yanvarında Azərbaycanın səlahiyyətlərinə dair səsvermə ərəfəsində Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyəti yenidən Assambleyaya qəbul edilməzdən əvvəl ölkənin cavab verməli olduğu dəqiq meyarları hazırlamalı və əməl olunmasını təmin etməlidir”, – 11 təşkilatın İnsan Hüquqları Evləri Fondunun saytında dərc olunmuş müraciətində deyilir.

2024-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyasının Azərbaycan parlament nümayəndə heyətini səsvermə hüququndan məhrum etməklə bağlı qərarından sonra ölkə hökuməti  hüquq müdafiəçilərinə, vəkillərə, müstəqil jurnalistlərə, müxalifətçi siyasətçilərə, vətəndaş cəmiyyəti fəallarına və alimlərə təzyiqi artırıb, müraciətdə qeyd olunub.

“Azərbaycanın tənqidi səslərin yatırılması ilə bağlı uzun və yaxşı sənədləşdirilmiş tarixi olsa da, son bir ildə hakimiyyət müstəqil vətəndaş cəmiyyətinin və KİV-in qalan hissələrini təqib etməklə, əsassız, lakin ciddi cinayət ittihamları tətbiq etməklə repressiyaları sərtləşdirib. Onlarla fəal və KİV xadimi həbs olunub, əksəriyyəti qaçaqmalçılıq, dələduzluq, valyuta saxtakarlığı və ya narkotik maddə saxlanması ittihamları ilə həbs edilib. İşgəncələr geniş yayılıb və bir çox məhbus amansız rəftardan şikayətlənir”, – müraciət müəllifləri qeyd edirlər.

Repressiyalar, müstəqil qeyri-hökumət təşkilatları və media üçün olduqca məhdud hüquqi mühit Azərbaycanda özgəfikirliliyin bütün formalarını və hüquq-müdafiə fəaliyyətini məhv etməklə hədələyir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanda fevral və sentyabr aylarında Avropa Şurası Parlament Assambleyası müşahidəçilərinin iştirakı olmadan keçirilmiş növbədənkənar prezident və parlament seçkilərini “rəqabətsiz və demokratik standartlara uyğun olmayan” kimi xarakterizə edib.

Avropa Şurası Parlament Assambleyasının üzvləri 2025-ci ildə Azərbaycan parlament nümayəndə heyətinin səlahiyyətlərinin bərpası üçün aydın şərt kimi Azərbaycandan insan hüquqları sahəsində öz öhdəliklərinə əməl etməsini tələb etməlidirlər.

Beynəlxalq təşkilatlar payız sessiyasında Avropa Şurası Parlament Assambleyasına bütün qanunsuz həbs olunanların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb etməyi, habelə onların mülki və siyasi hüquqlarının tam bərpa olunmasına və Azərbaycanda tənqidi əhval-ruhiyyəli şəxslərin təqibinə son qoyulmasına nail olmağı tövsiyə ediblər.

Onlar həmçinin Azərbaycanın Avropa İnsan  Hüquqları Konvensiyasına riayət etməsilə bağlı rəsmi araşdırma təşkil etməyi, Azərbaycanın Avropa məhkəməsinin qərarlarının icrasına nəzarəti gücləndirməyi xahiş edirlər.

2025-ci ilin yanvarında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında səlahiyyətlərinin bərpası üçün şərtlər bütün siyasi məhbusların azad edilməsi, onların işlərilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının dərhal icrası, Avropa Şurası Parlament Assambleyasının məruzəçiləri və İşgəncələrə Qarşı Komitə ilə tam əməkdaşlığın bərpası, o cümlədən bütün saxlanma yerlərinə giriş imkanlarının təmin edilməsi, qeyri-hökumət təşkilatları, media və vətəndaş birliklərinin sərbəst fəaliyyəti üçün qanunvericilik məhdudiyyətlərinin ləğvi olmalıdır.

“Davam edən repressiyalar hüquq müdafiəçilərinin, müstəqil jurnalistlərin və vətəndaş cəmiyyətinin digər nümayəndələrinin 11-22 noyabr tarixlərində Bakıda COP29-da iştirak etməsilə bağlı ciddi narahatlıq doğurur. Vətəndaş cəmiyyətinin  konfransda iştirakı iqlim sahəsində də hüquqlara əməl olunmasının təmin edilməsi üçün həlledici əhəmiyyət daşıyır, müraciətdə deyilir. Sənədi İnsan Hüquqları Evləri Fondu, Jurnalistləri Müdafiəsi Komitəsi, Beynəlxalq İnsan Hüquqları Federasiyası (FIDH), İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlığı, Freedom Now, Human Rights Watch,  Hollandiya Helsinki Komitəsi, Norveç Helsinki Komitəsi, People in Need, Ümumdünya İşgəncələrə Qarşı təşkilat (OMCT) və “Azərbaycanda repressiyaların dayandırılması üzrə Anar Məmmədli kampaniyası” imzalayıblar.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az