1 saylı Bakı İstintaq Təcridxanasında Toplum TV-nin işi üzrə həbs edilmiş III Respublika Platformasının və Demokratik Təşəbbüslər İnstitutunun idarə heyətinin üzvü Ruslan İzzətlinin səhhəti pisləşib. Bu barədə onun həyat yoldaşı Günel Manaflı bildirib.
Onun sözlərinə görə, bu ilin martında hələ həbsindən əvvəl həkimlər İzzətliyə öd kisəsində daşla əlaqədar cərrahi əməliyyat təyin etmişdilər. Lakin indiyədək ona bunun üçün şərait yaradılmayıb. Bundan başqa, son günlər onun arterial təzyiqi yüksəlməyə başlayıb, lakin ona heç bir tibbi yardım göstərilmir.
İzzətli İstintaq Təcridxanasının sanitariya hissəsinin baş həkimi ilə görüşmək istəyib, lakin o, görüşü rədd edib. Tibbi personal onun təzyiqini ölçməkdən belə imtina edir.
Həyat yoldaşı səhhətində ciddi problemlər olan insana yardım göstərməkdən imtina edən həkimlərin hərəkətlərini başa düşmədiyini bildirib.
Manaflı bildirib ki, Ruslan İzzətli ombudsman və Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin nümayəndələrinin ona təcili baş çəkməsini tələb edib.
* 6-8 mart tarixlərində Toplum TV-nin və onun tərəfdaşı olan təşkilatın – Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunublar. Yeddi nəfər həbs olunub, iki nəfər isə polis nəzarətinə verilib. İşin fiqurantları ittihamları qəbul etmirlər. Hüquq müdafiəçiləri həbs olunanları siyasi məhbus kimi tanıyıb.
Turan