Bakı Apellyasiya Məhkəməsi deputatlığa namizədlərin şikayətlərini təmin etməyib

tərəfindən Gozetci

Bakı Apellyasiya Məhkəməsi sentyabrın 16-da deputatlığa namziədlər Mustafa Hacıbəylinin və Şəhriyar Məcidzadənin şikayətlərini təmin etməyib.

Müsavat Partiyasının sədr müavini Mustafa Hacıbəyli Amerikanın Səsinə bildirib ki, şikayəti deputatlığa namizəd olduğu 8 saylı Binəqədi birinci seçki dairəsində yol verilmiş pozuntularla bağlı olub.

“Mərkəzi Seçki Komissiyası bu dairədəki seçki məntəqələrinin heç birində pozuntunu etiraf etməyib. Şikayət ərizəsi 11 səhifə, 21 səhifəlik aktlar, Mərkəzi Seçki Komissiyası və Dairə Seçki Komissiyasının qərarları 16 səhifə, üstəgəl DVD diskdə təqdim etdiyim videolardan ibarətdir. Şikayət təqdim olunduqdan 3 saat sonra Bakı Apellyasiya Məhkəməsi rədd cavabı verdi. Şikayəti nəinki araşdırmaq, hətta onunla diqqətlə tanış olmaq üçün 3 saat bəs etməzdi. Deməli, nəinki araşdırmaq, heç oxumadan rədd cavabı verdilər”, Hacıbəyli deyib.

Bu gün o, Ali Məhkəməyə kassasiya şikayəti verdiyini bildirib.

Elə indi Milli Məclisə seçkilər üzrə 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən deputatlığa namizəd Şəhriyar Məcidzadə bildirib ki, sentyabrın 16-da Apellyasiya Məhkəməsinə müraciət edib və dərhal məhkəmə baxışı təyin edilib.

“Bu gün Apellyasiya Məhkəməsinə müraciət etdim. Bir saat keçməmiş prosesdə iştirak etməyim üçün dəvət edildim və məhkəmə şikayətimi təmin etmədi”, Məcidzadə Amerikanın Səsinə bildirib.

Məcidzadə Mərkəzi Seçki Komissiyasına seçki prosesi zamanı 54 qanun pozuntusunu təqdim etdiyini, amma onlardan yalnız 3 məntəqə ilə bağlı müsbət qərar verildiyini, nəticələrin ləğv olunduğunu bildirib. Məcidzadə bu qərarla razılaşmır.

“Təşviqat müddətindən əvvəl başlamaqla davam edən icra orqanlarının seçkidə iştirakının olmasını göstərən faktlarla bərabər, şikayətimdə hətta məntəqələrdə seçki saxtakarlığından yox, seçki zorakılığı barədə faktlar yer alıb. Bu, seçki saxtakarlığı mərhələsinin aşıldığını, seçki zorakılığı mərhələsinə qədəm qoyulduğunu göstərən amildir”, Şəhriyar Məcidzadə qeyd edib.

Sentyabrın 16-da Mərkəzi Seçki Komissiyası (MSK)VII çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolların təsdiqi və Konstitusiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib. MSK 125 seçki dairəsinin heç birində səsvermənin nəticələrini ləğv etməyib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və ATƏT Parlament Assambleyasının birgə müşahidə missiyası Azərbaycanda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı ilkin bəyanatında deyilir ki, Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri seçicilərə həqiqi siyasi alternativlər təklif etməyib və səmərəli şəkildə hazırlansa da, fundamental azadlıqları və medianı həddən artıq məhdudlaşdıran hüquqi çərçivədə baş tutub.

“Birgə müşahidə missiyası müəyyən edib ki, seçki qanunvericiliyi son parlament seçkilərindən bəri əsaslı şəkildə dəyişməyib və uzunmüddətli tövsiyələr diqqətdən kənarda qalıb. Namizədlərin qeydiyyatı prosesi həddən artıq ağır tələblər, qeyri-ardıcıl tətbiq olunan prosedurlar və namizədlərin hədə-qorxu ilə geri çəkilmə halları ilə müşayiət olunub, siyasi partiyalar üçün yeni tələblər isə onların qeydiyyatına əlavə məhdudiyyətlər tətbiq edib. Bu seçkilər məhdudlaşdırıcı siyasi və hüquqi mühitdə baş tutub, bunun nəticəsi olaraq siyasi plüralizmin olmaması zəif və aşağı əsaslı kampaniya ilə birləşib və bütün bunlar seçki prosesini sarsıdıb”, sənəddə qeyd edilir.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az