98 gündür aclıq aksiyası keçirən İstanbul Universitetinin doktorantı Fazil Qasımov sentyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb. O, saxta pullarla heç bir əlaqəsi olmadığını və ona qarşı açılan cinayət işinin siyasi xarakter daşıdığını bildirib.
Vəkil Rövşanə Rəhimli isə öz növbəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət qaldıraraq, Qasımovun uzun müddət aclıq aksiyası keçirdiyi üçün vəziyyətinin ağır olduğunu qeyd edib.
Qasımov özü bildirib ki, Penitensiar Xidmətin Müalicə müəssisəsində hər gün 1-2 nəfər dünyasını dəyişən ağır xəstələrlə bir şöbədə saxlanılır.
Qasımovun sözlərinə görə, onun təzyiqi 50/30-a düşür və bu, ölümcüldür. O həmçinin bildirib ki, həbsxana xəstəxanasında ona psixoloji təzyiqlər olur, işçilər qəsdən onun yanında yemək yeyirlər.
Dövlət ittihamçısı Qasımovu qeyri-səmimilikdə və aclıq aksiyası imitasiyasında ittiham edib. Prokuror Qasımovu aclıq aksiyası keçirməməyə, təqsirsiz olduğunu sübut edən sübutları məhkəməyə təqdim etməyə çağırıb.
Nəticədə məhkəmə vəsatətləri rədd edib. Növbəti məhkəmə iclası oktyabrın 10-na təyin edilib.
Penitensiar Xidmət Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, həbs edilmiş şəxs Fazil Qasımov İntensiv Terapiya şöbəsində saxlanılmır, habelə məhkum və işçi heyətinin qida qəbul etdikləri məkanlar fərqli olduğundan müraciətdə qeyd edilən digər xüsusatlar həqiqəti əks etdirmir.
“Fazil Qasımova qarşı məhkum və həbs edilmiş şəxslər, eləcə də əməkdaşlar tərəfindən qanunsuz hərəkətlərə yol verilməmişdir, onun hüquqları təmin edilir və qanuni mənafeləri qorunur”, Penitensiar Xidmət qeyd edib.
1 saylı Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsində saxlanılan Fazil Qasımovun iyulun 26-a keçən gecə aclıq etməsi ilə bağlı səhhəti kəskin pisləşdiyindən Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb.
Fazil Qasımov Qafqaz Universitetini bitirib (2017-ci il yanvarın 16-da fəaliyyətini dayandırıb), sonra Türkiyədə oxuyub, daha sonra İstanbul Universitetinin doktoranturasını bitirib.
Türkiyədə yaşayan Qasımov 2023-cü il avqustun 8-də İstanbulda tutularaq Azərbaycana gətirilib. Fazil Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
O, iqtisad elmləri doktoru Qubad İbadoğlu ilə ünsiyyətinin 2020-ci ilin mart ayında virtual formada yarandığını bildirib.
“Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən həbs edildim”, Qasımov əlavə edib.
Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-ə qədər həbsdə qalıb.
Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.
Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.
İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.
Hazırda Fazil Qasımovun cinayət işi Qubad İbadoğlunun cinayət işindən ayrı icraata götürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə Fazil Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Amerikanın Səsi