Mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində fırıldaqçılıqda ittiham olunan ictimai fəal Rail Abbasovun işi üzrə proses davam edib.
Bugünki iclasda onun ifadələri dinlənilib.
Abbasov özünü təqsirli bilməyib və digər fəalın – Bəxtiyar Hacıyevin müdafiəsində fəal iştirakına görə həbs olunduğunu bildirib.
Onun mənzilində də axtarış aparılıb, özü isə 10 saat ərzində dindirilib.
İrəli sürülən “dələduzluq” ittihamına gəlincə, bu ittiham saxtalaşdırılıb. Zərərçəkmiş Əsgər Həziyevin Abbasovun ona 200 min manat “atdığı” barədə şikayəti tamamilə əsassızdır.
Abbasov ona mənzil alınması ilə bağlı xidmət göstərib və alıcı və satıcı arasında sövdələşmə notarial qaydada rəsmiləşdirilib, pul isə bank vasitəsilə ödənilib.
Sövdələşmədən sonra zərərçəkmiş Abbasova xidmət üçün 100 manat ödəyib, alıcıdan isə o, 1500 manat alıb.
Bir müddət sonra zərərçəkmiş şəxs yenidən daha bir mənzil alınması xidməti üçün Abbasova müraciət edib. Abbasov mənzili axtarıb tapıb və tərəflər 217 min manata razılaşıblar. Lakin sonradan Həziyev cəmi 200 min manat ödəyə biləcəyini bildirib. Abbasov satıcının razı olmadığını deyib və Həziyevə başqa variant axtarmağı təklif edib.
Bundan sonra Həziyev Abbasovdan guya onun 200 min manatını alıb qaytarmadığı üçün şikayət edib.
Abbasov mənzil və ev alqı-satqısında sövdələşmənin notarius və bank vasitəsilə rəsmiləşdirildiyinə, buna görə Həziyevin daşınmaz əmlak almaq üçün vasitəçiyə – yəni Abbasova ödəniş edə bilməyəciyinə diqqət çəkib.
Məhkəmə prosesi mayın 30-da davam etdiriləcək.
* Xatırladaq ki, Bakının Nəsimi Rayon Məhkəməsi 20 sentyabr 2023-cü il tarixində Abbasovu CM-in 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edərək 4 ay müddətinə həbs edib. Abbasov ittihamı təkzib edir, təqibin əsl səbəbinin 2022-ci ilin dekabrında həbs olunmuş fəal Bəxtiyar Hacıyevin hüquqlarının müdafiəsində fəal iştirakı olduğunu hesab edir.
Hüquq müdafiəçiləri hər iki fəalı siyasi məhbus kimi tanıyıb.
Turan