Avropa Məhkəməsi: Azərbaycan hökuməti son parlament seçkilərində namizəd olmuş iki şəxsə təzminat ödəyəcək

tərəfindən Gozetci

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) aprel ayının 25-də elan etdiyi iki qərardadına əsasən, Azərbaycan hökuməti son parlament seçkilərində namizəd olmuş iki şəxsə təzminat ödəyəcək.

9 fevral 2020-ci il tarixində keçirilmiş parlament seçkilərində namizəd olmuş Qorxmaz İbrahimli və Rəfail Zeynalzadə Avropa Məhkəməsinə yerli seçki komissiyalarında və məhkəmələrdə iddia etdikləri müxtəlif seçki pozuntularına effektiv baxılmamasından şikayət ediblər.

Hər iki ərizənin kommunikasiyası zamanı tərəflər dostca anlaşıblar. Məhkəmənin qərardadına görə, hökumət Qorxmaz İbrahimliyə 4500 avro, Rəfail Zeynalzadəyə isə 4750 avro məbləğində təzminat ödəyəcək.

2020-ci ilin növbədənkənar parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyası 70 seçki dairəsində qalib elan edilib. Seçkini izləyən beynəlxalq müşahidəçilər məhdudlaşdırıcı qanunvericilik və siyasi mühitin Azərbaycanda seçkilərdə həqiqi rəqabətin qarşısını aldığını vurğulayıb.

Avropa Məhkəməsinin son hesabatına əsasən, 70 ildən çox tarixi ərzində məhkəmə seçki hüququnun pozuntusuna dair 102 qərar çıxarıb. Azərbaycan 25 işlə bu siyahının ön sırasında yer alır.

2021-ci ilin oktyabrında AİHM-nin Azərbaycanda seçki hüququnun pozuntusu ilə bağlı 41 nəfərin şikayəti üzrə çıxardığı dörd qərardadına əsasən Azərbaycan hökuməti pozuntuları etiraf etmiş, 2015-ci il parlament seçkilərində namizəd olmuş şəxslərə ümumilikdə 239 min avro kompensasiya ödəməli olmuşdu.

Azərbaycan həmçinin AİHM qərarlarını ən pis icra edən ölkələr sırasına başçılıq edir. Avropa Şurasının ötən həftə, aprelin 16-da yaydığı hesabatda Azərbaycanın barəsində çıxarılan qərarların 75 faizini icra etmədiyi vurğulanır.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az