49
Jurnalist Mina Əlyarlı aprelin 17-də yenidən Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) dindiriləcək.
BŞBPİ-nin İstintaq İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi Toğrul Hüseynov aprelin 15-də jurnalistə zəng edərək əlavə suallarının yarandığını bildirib, idarəyə dəvət edib.
Sonradan dindirilmənin vaxtı dəyişdirilib, ayın 17-nə təyin olunub.
Mina Əlyarlı ötən il noyabrın 23-də bu iş üzrə bir dəfə dindirilib.
İndiyə qədərki dövrdə iş üzrə dindirilməyə ikinci dəfə çağırılan bütün jurnalistlər həbs edilib.
Xatırlatma
Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, yanvarın 13-də isə jurnalist Elnarə Qasımova saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib. Məhkəmə istintaq zamanı prokurorluğun ittihamlarını qəbul etsə jurnalistləri 8 ilədək həbs cəzası gözləyir.
AbzasMedia