Azərbaycanlı fəallar “COP29 – Ədalət Mühiti Təşəbbüsü”nü təsis ediblər

by Gozetci

Azərbaycanın beş qeyri-hökumət təşkilatı ölkədə vətəndaş cəmiyyəti, insan hüquqları və ətraf mühit sahəsində problemlərə diqqət çəkmək üçün “COP29 – Ədalət Mühiti Təşəbbüsü”nü təsis etmək təklifi ilə çıxış ediblər.

Bu təşkilatların mətbuat üçün açıqlamasında belə deyilir:

“Bilindiyi kimi, BMT-nin qlobal İqlim Dəyişikliyi Konfransının (COP29 – Tərəflərin Konfransı) 29-cu sesiyası 2024-cü ilin noyabrında Azərbaycanında keçiriləcək. Əvvəlki illərin təcrübəsini nəzərə alaraq qeyd edək ki, təxminən iki həftə sürəcək konfransda on minlərlə xarici qonağın iştirakı gözlənilir. Eləcə də qonaqlar arasında Qərb ölkələri də olmaqla onlarla dünya lideri, yüksək ranqlı siyasətçilər, beynəlxalq təşkilatların rəhbərləri, media və QHT təmsilçilərinin olması mümkündür.

COP29 Azərbaycanın öz ərazi bütövlüyünü təmin etdikdən sonra ölkə ərazisində keçirilən ilk qlobal konfrans və ümilikdə müstəqillik dövründə ev sahibliyi ediləcək ən böyük beynəlxalq tədbir olacaq. Bu baxımdan COP29-un Azərbaycanda keçirlilməsi ətraf mühit məsələləri ilə yanaşı, siyasi və iqtisadi baxımından ölkə üçün böyük əhəmiyyət daşıyır.

Bununla belə, COP29 kimi möhtəşəm bir qlobal tədbirə ev sahibliyi edəcək Azərbaycanda vətəndaş hüquqları və ətraf mühitlə bağlı çoxsaylı problemlər var. Bu problemlər sırasına siyasi motivli həbslər, vətəndaş cəmiyyəti mühitinin daralması, məişət zorakılığı, korrupsiya, ətraf mühitin, xüsusilə də Abşeron yarımadasının neftlə çirklənməsi və su ehtiyatlarının  azalmasına qarşı hökumətin fəaliyyətinin səmərəsizliyi və koronovirus pandemiyası bitdikdən sonra heç bir əsas olmadan quru sərhədlərin vətəndaşlar üçün bağlı saxlanmasını aid etmək olar.

Bütün bunları nəzərə alaraq, Azərbaycanda fəaliyyət göstərən QHT-lər olaraq Azad İqtisadiyyata Yardım ictimai birliyi, EcoFront, Qadınların Gücləndirilməsi Mərkəzi, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi və Vətəndaş Hüquqları İnstitutu COP29 tədbirinə həm də ölkədəki vətəndaş azadlıqlarının, ictimai iştirakçılığın təmin olunması və ətraf mühitdə ədalətin bərqərar olunması imkanı kimi baxır, COP29 – Ədalət Mühiti Təşəbbüsünü təsis edir  və qeyd olunanan məsələlərin həlli üçün imkanlarını birləşdirərək analitik, vəkillik və əməkdaşlıq tədbirlərini həyata keçirməyi qərara alıb.

Siyasi motivlərlə həbs edilmiş jurnalistlər, ictimai və siyasi fəalların azad edilməsi; B. Vətəndaş Cəmiyyətinin sərbəst fəalliyyətinin və ictimai iştirakçılığın təmin edilməsi üçün QHT-lər və Qrant haqqında qanunlarda dəyişiklərin edilməsi; C. Korrupsiya ilə bağlı mövcud vəziyyətin qiymətləndirilməsini, ölçülə bilən fəalliyətləri, həyata keçirilmə müddəti və büdcəsini nəzərdə Korrupsiyaya qarşı Mübarizə Fəaliyyət Planının Milli Məclis səviyyəsində vətəndaş cəmiyyətinin iştirakçılığı ilə qəbul edilməsi. Fəaliyyətlərin həyata keçirilməsini qiymətləndirmək üçün hesabatlıq sistemlərinin yaradılması; D. Qadınlara qarşı zorakılığı önləmək üçün İstanbul Konvensiyasını ratifikasiyası; E. Ölkənin quru sərhədlərindən vətəndaşların sərbəst gediş-gəlişinin təmin edilməsi; F. Paris İqlim Razılaşması üzrə 2030-cu il üçün daha ambisiyalı öhdəliklərin götürülməsi və yol xəritəsinin hazırlanması; G. 2030-cu ilə qədər neftlə çirklənmiş ərazilərin təmizlənməsi istiqamətində fəaliyyət planının hazırlanıb həyata keçirilməsi; H. 2030-cu ilə qədər su resurslarından ədalətli və səmərəli istifadə istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə edilməsini hədəfləyən strategiyanın və fəaliyyət planının açıqlanması”.

Məlumatı aşağıdakı təşkilatların rəhbərləri imzalayıblar:

Azad İqtisadiyyata Yardım ictimai birliyi – Zöhrab İsmayıl, EcoFront – Cavid Qara, Qadınların Gücləndirilməsi Mərkəzi – Vəfa Rüstəm Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi – Anar Məmmədli Vətəndaş Hüquqları İnstitutu – Bəşir Süleymanlı.

Turan

You may also like

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az