Məzahir Pənahovun sədrliyi ilə dekabrın 23-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 19 dekabr 2023-cü il tarixli iclasının protokolu təsdiq olunub.
Sonra 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanma qaydası ilə bağlı məsələ müzakirə olunub. Məlumat üçün qeyd etmək lazımdır ki, bildirişdə seçicinin adı, özünün və səs verəcəyi seçki məntəqəsinin ünvanı, səsvermənin yeri və vaxtı, səsvermə prosesində istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı, eləcə də səsvermə qaydaları ətraflı şəkildə izah edilir. Komissiya qanunvericiliyin tələblərinə uyğun olaraq, səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair 6524203 (altı milyon beş yüz iyirmi dörd min iki yüz üç) bildirişin mətbəə üsulu ilə hazırlanmasına qərar verib.
İclasda qarşıdan gələn seçkilərdə dairə və məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması qaydası və sayı məsələsinə də baxılıb. Protokolların Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilmiş nümunələrin forma və mətninə uyğun olaraq, bir-bir ardıcıl nömrələnməklə və seriyaları göstərilməklə, 3 nüsxədən ibarət və hər bir nüsxəsi müxtəlif rəngdə karbonlaşdırılmış kağızdan buklet formasında olmaqla, dairə və məntəqə seçki komissiyaları üçün onların sayına uyğun hazırlanması qərara alınıb. Qərara əsasən, səsvermənin nəticələrinə dair protokollar, habelə aşağı seçki komissiyalarının hər biri üçün 30 ədəd nömrələnməmiş və karbonlaşdırılmamış kağızdan protokollar Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsində mətbəə üsulu ilə hazırlanmalıdır.
Media nümayəndələri tərəfindən geniş işıqlandırılan iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib və cari məsələlərə baxılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi