İctimai fəal Araz Əliyevdən xəbər yoxdur (YENİLƏNİB)

tərəfindən Gozetci

Araz Əliyev

NİDA Vətəndaş Hərəkatının və III Respublika Platformasının üzvü Araz Əliyev məhkəmənin qərarı ilə 25 sutka inzibati həbsə məhkum edilib.

Bu barədə Amerikanın Səsinin sorğusunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı təsdiq edib.

Hüquq mühafizə orqanlarındakı mənbələrdən Amerikanın Səsinə məlum olub ki, Araz Əliyev İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.

Həbsin detalları ilə bağlı hələ məlumat əldə etmək mümkün olmayıb.

*   *   *

NİDA Vətəndaş Hərəkatının və III Respublika Platformasının üzvü Araz Əliyev ilə dekabrın 23-də Bakı vaxtı ilə saat 18 radələrindən əlaqə itib. Onun telefonuna zəng çatmır. Rəsmi qurumlar Əliyevin saxlanılıb-saxlanılmaması barədə məlumat yaymayıb.

III Respublika Platformasının üzvü Akif Qurbanov Amerikanın Səsinə bildirib ki, qurumun üzvü Araz Əliyevdən xəbər yoxdur və onun özünün də saxlanılma ehtimalı var.

“Aydın görünən odur ki, bu, bizim fəaliyyətimizlə bağlıdır. Məndə də Araz bəydən xəbər gözləyirdim. Araz bəydən xəbər çıxmır. Vəkil məsələsini həll edib, mən də kafeni tərk edəcəm. Çox güman ki, məni də saxlayacaqlar,” o deyib.

Akif Qurbanov daha öncə Facebook səhifəsində qeyd edib ki, onun olduğu kafenin ətrafında bir neçə saatdır əməliyyatçılar dövrə vurur. O, bunu fəaliyyəti ilə əlaqələndirib.

“Azərbaycanı qaranlıqdan çıxarmaq cəhdlərimizə görədir. Görünür III Respublika Platformasının indiki məqamda yaranması rejimi daha da narahat edib. Çünki iki missiyamızda dediyimiz kimi, idarə olunan cəmiyyətdən özünü idarə edən cəmiyyətə keçmək istəyirik. Əsas şüarımız: Tək Adama Deyil, Hüquqa İtaət Edirik.

İnanın ki, hər qaranlığın sonunda mütləq bir işıq var. O işıq ölkəmizi çox keçməz qaranlıqdan çıxaracaq. Yaşasın III Respublika!”, Akif Qurbanov Facebook səhifəsində qeyd edib.

Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Araz Əliyevin polis tərəfindən saxlanılıb-saxlanılmaması barədə Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Xatırladaq ki, 7 dekabr 2023-cü ildə, Azərbaycanda parlamentarizmin təsis olunmasının 105-ci ildönümündə bir qrup ictimai-siyasi şəxs tərəfindən III Respublika Platforması adlı siyasi təşkilat yaradılıb.

“Tək Adama” deyil, Hüquqa itaət edirik!” şüarı ilə çıxış edən platformanın əsas prinsipləri seçkili demokratiya, özünüidarə və güc tarazlığıdır (hakimiyyət bölgüsü).

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az