Cümə axşamı Bakı Apellyasiya Məhkəməsi müxalifətçi Tofiq Yaqublunun həbsilə bağlı birinci instansiya məhkəməsinin qərarının ləğvi barədə vəsatəti təmin etməyib.
Xatırladaq ki, Nərimanov məhkəməsi Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublunu sənədləri saxtalaşdırmaq ittihamı ilə 4 ay müddətinə həbs edib.
Vəkil Nemət Kərimli Turan-a bildirib ki, bu gün Yaqublu ona qarşı irəli sürülən ittihamları rədd edərək uydurma adlandırıb. O, öz həbsini hakimiyyəti tənqid etdiyinə görə siyasi sifariş və təqib adlandırıb.
Guya Yaqublu kiməsə siyasi mühacirət təşkil edəcəyini vəd edib və dekabrın 8-də onlar bu barədə razılığa gəliblər. Dekabrın 11-də dələduzluq ittihamı ilə cinayət işi açılıb.
*Dekabrın 14-də Tofiq Yaqublu “dələduzluq”, “sənədlərin saxtalaşdırılması” və “saxta sənədlərdən istifadə”də şübhəli kimi saxlanılıb.
O əvvəllər də dəfələrlə cinayət və inzibati həbslərə məruz qalıb, İsmayıllı iğtişaşları işi üzrə “vicdan məhbusu” kimi tanınıb.
Turan