Dekabrın 20-də Bakı Apellyasiya Məhkəməsində araşdırmaçı jurnalist Hafiz Babalının daha üç şikayətinə baxılıb.
Bu barədə Turan-a vəkil Rəsul Cəfərov məlumat verib.
Şikayətlərdən biri jurnalistlə bağlı maliyyə məlumatlarının (vergi ödənişləri, bank hesabları, qiymətli kağızlar haqqında məlumatlar) tələb edilməsilə bağlı olub. Digər şikayət bank hesablarının və kartların, o cümlədən pensiya kartının dondurulması ilə əlaqəli olub. (Babalı üçüncü qrup əlildir). Üçüncü şikayət Babalının qeyri-kommersiya strukturlarında iştirakı ilə bağlı məlumatların tələbi ilə bağlı olub.
Apellyasiya Məhkəməsi bütün şikayətləri təmin etməyib və istintaq orqanının təqdimatı əsasında Xətai Məhkəməsinin 29 noyabr tarixli qərarlarını qüvvədə saxlayıb.
Bu gün Bakı Apellyasiya Məhkəməsi həbsdə olan digər “Abzas Media” jurnalistlərinin, onların ailə üzvlərinin və bu iş üzrə keçən digər şəxslərin barələrində maliyyə məlumatlarının açıqlanması, bank hesablarının və kartlarının bloklanması ilə bağlı şikayətlərini də təmin etməyib.
Qeyd edək ki, istintaq “Abzas Media”nın həbsdə olan direktoru Ülvi Həsənli və Sevinc Vaqifqızının analarının pensiya kartlarını da bloklayıb.
* * *
Bu gün Bakı Apellyasiya Məhkəməsi (BAM) Həsən Əhmədovun sədrliyi ilə araşdırmaçı jurnalist Hafiz Babalının həbsindən verilmiş apellyasiya şikayətini təmin etməyib.
Müdafiə tərəfi Babalının ilkin həbsi haqqında qərarın ləğv edilməsini xahiş edib, belə ki, istintaq jurnalistin həbsdə saxlanılması üçün kifayət qədər dəlil təqdim etməyib, deyə vəkil Rəsul Cəfərov bildirib.
Lakin məhkəmə apellyasiya şikayətini təmin etməyib.
Müdafiə tərəfi qətimkan tədbirinin dəyişdirilməsi üçün tədbirləri davam etdirir və Babalının ev dustaqlığına keçirilməsi haqqında vəsatət verəcək.
Xatırlatma
Turan Agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalı dekabrın 13-də “xarici valyuta qaçaqmalçılığı” ittihamı ilə saxlanılıb. O, Abzas Media jurnalistlərinə qarşı iş çərçivəsində cəlb ounub. Dekabrın 14-də Xətai Rayon Məhkəməsi Babayevin 3 ay müddətinə həbsi haqqında qərar çıxarıb.
Turan