İctimai fəal Möhyəddin Orucov narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib.
Bu barədə onun yaxınları məlumat verib.
Gənc dekabrın 13-də saxlanılıb, lakin əvvəlcə fəalın ailə üzvlərinə onun harada saxlanıldığını bildirməyiblər. Bir neçə saat keçdikdən sonra onlara Orucovun narkotiklə bağlı iş üzrə şübhəli şəxs qismində Suraxanı Rayon Polis İdarəsində saxlanıldığını təsdiq ediblər.
Dekabrın 15-də məhkəmə onun barəsində 4 ay həbs qətimkan tədbiri seçib. Orucov Azərbaycan CM-in 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunur, onu 5 ildən 12 ilədək həbs cəzası gözləyir.
Xatırladaq ki, Orucov oktyabrda “polisə tabe olmama” ittihamı ilə 30 gün müddətinə inzibati qaydada həbs edilmişdi.
O, azad edildikdən sonra bildirib ki, həbsinin əsl səbəbi sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsi olub. Buna görə polis bölməsində onu döyüblər və qeyri-insani rəftara məruz qoyublar.
Yaxınları hesab edirlər ki, indi bu bəyanata görə qisas olaraq Orucova qarşı saxta cinayət işi açılıb.
Turan