Müsavat Partiyası hakimiyyəti seçkiləri bərabərhüquqlu siyasi rəqabət şəraitində keçirməyə çağırır

tərəfindən Gozetci

Azərbaycanda növbədənkənar prezident seçkilərinin təyin olunması ilə əlaqədar Müsavat Partiyası bəyanatla çıxış edib.

Sənəddə deyilir ki, Müsavat Partiyası Azərbaycan hakimiyyətindən seçkilərin keçirilməsi üçün demokratik mühitin yaradılmasını, bütün siyasi məhbusların azad olunmasını, sərbəst toplaşma, söz və ifadə azadlığının, seçki komissiyalarında iddiaçı tərəflərin təmsilçiliyinin təmin olunması tələb edir.

“Müsavat Partiyası Azərbaycan hakimiyyətindən bu şərtlərə əməl etməyi, seçkilərin bərabərhüquqlu siyasi rəqabət şəraitində keçməsini əngəlləyən bütün məhdudiyyətlərin aradan qaldırılmasını tələb edir”, bəyanatda qeyd edilir.

Partiya həmçinin bildirir ki, 1993-cü ildən başlayaraq Azərbaycanda keçirilən ümummilli seçkilərin və referendumların heç birində demokratik seçkilərin əsas şərtlərinə əməl edilməyib.

“Bütün bunlarla yanaşı son illərdə siyasi hakimiyyət öz “qələbəsini” asanlaşdırmaq məqsədilə növbədənkənar seçkilər praktikasından istifadə edir”.

Prezident İlham Əliyev 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb.

Müsavat hesab edir ki, növbədənkənar seçkilər elan edilmədən ictimai müzakirələr keçirilməli və səbəbləri izah edilməli idi.

“Hakimiyyət bu qərarla siyasi müxalifətin və ölkədə dəyişiklik istəyən təbəqələrin, eləcə də potensial müşahidəçi missiyalarının seçkilərə hazırlaşmaq imkanını minimuma endirib. Seçki kampaniyasının tətillərin çox, günlərin qısa, havanın soyuq dövrünə düşməsi əhalinin seçki prosesində aktivliyinin azalmasına səbəb olacaq ki, bu da seçkini formal bir prosedura çevirmək istəyən hakimiyyətin maraqlarına uyğundur”.

Müsavat Partiyası hesab edir ki, seçkilər ərəfəsində ölkədə repressiyaların yeni dalğasına rəvac verilməsi, siyasi fəalların və jurnalistlərin həbsi hakimiyyətin bu dəfə də demokratik seçki keçirmək niyyətinin olmadığını bir daha təsdiq edir.

Öz növbəsində Yeni Azərbaycan Partiyasının üzvü olan Milli Məclisin deputatı Anar Məmmədov bildirib ki, siyasi partiyaların əsas funksiyalarından biri seçki yolu ilə siyasi mübarizə aparmaqdır.

“Bu mənada seçkilərin keçirilməsi ilə bağlı olan istənilən narazılıq yalnız qərəzli mövqeyin və məhdud potensialın nümunəsi kimi dəyərləndirilməlidir. Öz qərəzli ritorikalarında daim seçkiləri tələb edən radikal siyasi qüvvələrin gələn ilin fevral ayında nəzərdə tutulmuş seçkilərin keçirilməsi ilə bağlı qeyri-obyektiv yanaşmaları ucuz demaqogiyadan başqa bir şey deyil. “Siyasi partiyalar haqqında” yeni Qanuna uyğun olaraq cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkən radikalların iddialarının heç bir əsası yoxdur. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçib. Lakin onların bu cəhdləri bu dəfə də iflasa məhkumdur. Çünki Azərbaycan xalqı kimin kim olduğunu yaxşı bilir”, deputat Yeni Azərbaycan Partiyasının rəsmi internet saytında bildirib.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az