“Deyirlər ki, anan aksiyaları təşkil, Prezidenti tənqid edir, dayandırmasa, səni həbs edərik”
2017-ci ildə Tərtərdə əsgər və zabitlərə qarşı kütləvi işgəncələr nəticəsində həyatını itirənlərdən biri – hərbi qulluqçu Elçin Quliyevin anası Validə Əhmədova ailəsinin təhlükə altında olduğunu deyir.
Onun sözlərinə görə, Tərtər hadisələrilə bağlı etiraz aksiyalarında iştirakına, baş verənlərə görə Prezidentin məsuliyyət daşıması haqda dediklərinə görə digər oğlu həbslə hədələnir.
Validə Əhmədova Meydan TV-yə bildirib ki, iki gün əvvəl Prezident Administrasiyasının qarşısında etiraz aksiyasından sonra – noyabrın 23-də oğlu Emin Quliyevi Tərtərdə yaşadığı evdən mülki geyimlilər zorla aparıblar.
Sağlamlığında ciddi problemlər olan Emin Quliyev bir neçə saat ərzində Bərdə Rayon Polis İdarəsində təzyiq altında saxlanılıb, anasının etiraz aksiyalarında iştirakı, Prezident əleyhinə çıxışları davam edəcəyi halda, həbs olunacağıyla hədələnib.
Noyabrın 22-də zərərçəkmişlərin bir qrupu Prezident Administrasiyasının qarşısında keçirdikləri etiraz aksiyasında “Tərtər işi” üzrə istintaq və məhkəmə prosesindən narazılıq ediblər.
Onlar bildiriblər ki, 2021-ci ilin dekabrında “Tərtər işi” üzrə istintaq yenidən başlayanda əvvəlkindən fərqli olaraq, bu dəfə həqiqətlərin ortaya çıxarılacağını və təqsiri olan yüksək vəzifəli məmurların cəzalanacağını düşünürdülər. Lakin prosesin gedişində yanıldıqlarını görüblər.
Zərərçəkmişlər iddia edir ki, prokurorluq formal istintaq aparmaqla, əsl təqsirkarları, baş verənlərə rəhbərlik edən yüksək vəzifəli məmurları məsuliyyətdən kənarda saxlayıb.
Hazırda davam edən məhkəmələr də eyni işlə məşğuldur.
Onlar müdafiə naziri Zakir Həsənov, hərbi prokuror Xanlar Vəliyev, indiki və keçmiş baş qərargah rəisləri Nəcməddin Sadıqov və Kərim Vəliyev, general Hikmət Həsənov, hərbi hissə komandiri, polkovnik Teymur Məmmədov və başqa yüksək vəzifəli şəxslərin Tərtər hadisələrində birbaşa rolu olduğunu deyir və onların cəzalandırılmasını tələb edirlər.
Zərərçəkənlərin daha bir tələbi isə Tərtərdə işgəncə nəticəsində həyatını itirənlərə “şəhid” statusu verilməsidir.
Validə Əhmədova deyir ki, aksiyadan bir sutka sonra – noyabrın 23-də günorta saat 1 radələrində evə üç mülki geyimli şəxs gəlib:
“Torpaq sahəsinə baxmaq bəhanəsilə onu evdən çıxarıblar, sonra da maşına qoyub aparıblar. Tərtərdə “dörd yol” deyilən yer var. Orada onu düşürüb, qapalı bir maşına mindiriblər. Oğlumla cinayətkar kimi davranıblar. Oradan da Bərdə Rayon Polis İdarəsinə aparıblar. Orada həm hərbi geyimdə, həm də mülki geyimdə adamlar olub. Oğluma təzyiq göstəriblər. Deyiblər ki, guya mən adamları yığıb etirazlar təşkil eləyirəm, iğtişaş yaradıram, Prezidentin əleyhinə danışıram. Oğluma əvvəl həmin gün axşama qədər, sonra bir gün vaxt veriblər. Deyiblər ki, əgər mən bu cür hərəkətlərə son qoymasam, onu həbs eləyəcəklər. Xəbərdarlıq eləyiblər ki, namaz da qılırsan, başqa dindarlar kimi, onu da tutub salacaqlar həbsə. Üstəlik, bildiriblər ki, başqa dindarlar həbs olunanda ona güzəşt eləyiblər, qardaşının ölümünə görə. Amma mən dayanmasam, onu da eyni aqibət gözləyir…”
Validə Əhmədovanın sözlərinə görə, 35 yaşlı oğlu Emin Quliyev uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkir:
“İqtisad Universitetini bitirib, vergilər idarəsində işləyirdi. Qardaşının ölümündən sonra çox sarsılmışdı. Həm də Elçinin başına gələnlərdən sonra onu da işdən çıxardılar. Deyirdilər ki, “vətən xaininin qardaşısan”. Baş verənlər onun səhhətinə çox ağır ziyan vurdu…”
Validə Əhmədova bildirib ki, oğlu Bərdə Rayon Polis İdarəsində bir neçə saat təzyiq və təhdid altında saxlandıqdan sonra buraxılıb. Evə gələndən sonra bir müddət susub. Sonra başına gələnləri danışıb.
Validə Əhmədova noyabrın 24-də səhər Baş Prokurorluğa məktub göndərib.
O, məktubunda özü və ailə üzvlərinin təhlükə altında olduğunu vurğulayıb.
Oğlunun qanunsuz saxlanmasında iştirak edənlərin müəyyənləşdirilib cəzalandırılmasını istəyib.
Zərərçəkmiş Meydan TV-yə onu da bildirib ki, təzyiq və təhdidlərə baxmayaraq, geri çəkilmək niyyətində deyil:
“Məndə sağalmaz yara açıblar, ürəyimə dağ çəkiblər. Məni heç nə dayandıra bilməz. Nə qədər canımda can var, geri çəkilmərəm. Tərtər qatillərini qoruyurlarsa, oğlumun qatilləri azadlıqda, vəzifə başındadırsa, mən necə geri çəkilim? Oğlumun və Tərtərdə işgəncədən ölənlərin hamısının şəhidliyi verilməyənə, qatillər cəzalanmayana qədər öldü var, döndü yoxdur”.
Daxili İşlər Nazirliyi (DİN) Emin Quliyevin Bərdə Rayon Polis İdarəsindən təzyiq və təhdidlərə məruz qalması barədə anasının dediklərini təkzib edib.
Nazirliyin mətbuat xidmətinin Bərdə regional qrupundan Meydan TV-yə bildirilib ki, Validə Əhmədovanın dedikləri əsassızdır:
“Əsassız iddialardır və həqiqəti əks etdirmir”.
2017-ci ilin may-iyun aylarında Tərtərdə 500 nəfərdən artıq hərbçiyə ağır işgəncələr verilib.
Nəticədə 10 nəfərdən çox hərbi qulluqçu həyatını itirib.
Meydan TV