Noyabrın 17-də səhər saatlarında Yardımlı rayonunda ictimai fəal Cəlil Zabidov saxlanılıb. Bu barədə onun yaxınları bildiriblər.
“Bu gün Yardımlının mərkəzində Cəlili saxlayıblar və polisə aparıblar. Onun qardaşını və dərsə gedən qardaşı oğlunu da aparıblar. Aydındır ki, bu, Cəlilin sosial şəbəkələrdə məmurlara qarşı tənqidilə əlaqədardır”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Turan-a bildiriblər ki, qanunsuz küçə ticarətilə əlaqədar Zabidov qardaşı ilə birlikdə polisə dəvət edilib. İnzibati protokol tərtib edildikdən sonra onları buraxacaqlar.
Zabidov əvvəllər də saxlanmalara, inzibati və cinayət təqiblərinə məruz qalıb. 2020-ci ildə sosial şəbəkələrdə seçki pozuntularını və saxtakarlıqları tənqid edib və 5 ay müddətinə həbs edilib.
2021-ci ildə korrupsiyaya və yerli məmurlar tərəfindən sosial ədalətsizliyə etiraz etdiyinə görə 25 sutka həbs edilib.
2023-cü ilin mayında polisə çağırılıb və orada təzyiqə məruz qalıb.
Turan