ADR Partiyasının üzvü Hüseyn Məlik həbs edilib

tərəfindən Gozetci

Hüseyn Məlik

Partiyadan vurğulanıb ki, onun həbsinin əsl səbəbi “Facebook” platformasında yazdıqlarıdır

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) üzvü Hüseyn Məlik həbs olunub. Oktyabrın 10-da Səbail Rayon Məhkəməsinin qərarıyla ona 30 sutka inzibati həbs cəzası verilib. Qərara əsasən, ADR üzvü  İnzibati Xətalar Məcəlləsinin 510 ( Xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələrilə təqsirli bilnib. Bu barədə Meydan TV-yə partiyadan məlumat verilib.

İddia olunur ki, 61 yaşlı Hüseyn Məlik küçədə söyüş söyüb, onu polislər intizama dəvət etsələr də, tabe olmayıb.

Lakin partiyanın sədr müavini Ədalət Yusub deyir ki, bu barədə polis bölməsində hazırlanan protokolda yazılanlar da, sonradan məhkəmə qərarına köçürülənlər də yalandır. Onun sözlərinə görə, Hüseyn Məlik xəstə olub. Buna baxmayaraq, oktyabrın 10-da səhər saat 9 radələrində evindən Səbail rayonu, 41-ci polis bölməsinə aparılıb:

“Adamı xəstə yatağından aparıb, deyirlər ki, “küçədə polisə müqavimət göstərib”. Bir  həftədir  evinin  kandarından çölə  bir addım atmaq  imkanı  olmayan, müalicə alan adam haqqında deyirlər. Biz hansı idarəçilik altında olduğumuzun fərqindəyik”.

Partiyadan vurğulanıb ki, Hüseyn Məlikin həbsinin əsl səbəbi onun “Facebook” platformasında yazdıqlarıdır.

Məlumata görə, Hüseyn Məlik bir müddət öncə ürək əməliyyatı keçirib. O, həmçinin şəkərli diabetdən əziyyət çəkir.

Hüseyn Məlik bundan əvvəl də polisə müqavimət ittihamıyla inzibati qaydada həbs edilib. O zaman da ADR üzvü ittihamın saxta olduğunu bildirmişdi.

ADR-in Qazax rayon təşkilatının üzvü Vüsal Zeynalov da sentyabrın 30-da həbs olunub.

Partiyadan verilən məlumata görə, Vüsal Zeynalov sosial media hesabında Qazaxda həkim çatışmazlığından bəhs edən status paylaşıb, Prezident İlham Əliyevi tənqid edib. Bundan sonra o, Qazax rayon Polis Şöbəsinə çağırılıb, orada onun barəsində protokol tərtib olunub, ardınca məhkəməyə aparılıb. Qazax rayon Məhkəməsində isə onun haqqında 20 günlük inzibati həbs qərarı çıxarılıb.

Sentyabrın 16-da ADR-in Xəzər Rayon Təşkilatını sədri Allahverdi Babayev də həbs olunub. Xəzər rayon Məhkəməsində ona polisə müqavimət ittihamıyla 30 sutka inzibati həbs cəzası kəsilib.

ADR sədri, professor Qubad İbadoğlu da 3 aya yaxındır ki, həbsdədir.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az