İctimai fəal polis bölməsində işgəncələrdən danışır: “Saçımdan tutub, döşəmədə sürüyürdülər”

tərəfindən Gozetci

Ruslan Vahabov

“Müstəntiq onu hədələyib ki, “mən sənə göstərəcəm 23 saata nə olur”

Bakı Apellyasiya Məhkəməsində sentyabrın 22-də həbs olunmuş ictimai fəal Ruslan Vahabov haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilməsi haqda qərardan verilmiş şikayətə baxılıb. Hakim İbrahim İbrahimlinin sədrliyilə keçirilən məhkəmə prosesinə ictimai fəalın özünü də gətiriblər.

Bu barədə Meydan TV-yə məlumat verən yaxınları bildirib ki, Ruslan Vahabov narkotik ittihamını rədd edib. Deyib ki, onun cibindən çıxdığı iddia olunan narkotiki ora elə polislərin özləri qoymuşdu.

Ruslan Vahabov Apellyasiya məhkəməsində danışıb ki, sentyabrın 22-də saxlandıqdan sonra Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə gətirilib. Orada ona açıq şəkildə çatdırılıb ki, “Facebook”da yazdıqlarına görə həbs olunub. Qarşısına narkotik qoyulsa da, o, üzərinə götürmək istəməyib. Polis bölməsində ağır işgəncələrə, təhqirlərə məruz qaldığını deyən ictimai fəal bildirib ki, onu 23-cü Polis Bölməsində saçından tutub, döşəmədə sürüyüblər.

O, 6 qram narkotiki 100 manata alması barədə ifadəni imzalamasını da həmin işgəncələrlə izah edib.

Yaxınlarının sözlərinə görə, məhkəmədə müstəntiq Ruslan Vahabovu hədələyib:

“Ruslan Vahabov deyib ki, həbsinin səbəbi “Facebook”da yazdığı statuslarıdır. O, həbs olunmamışdan bir gün əvvəl belə bir status yazıb: “Sual: nə qazandıq 23 saat 43 dəqiqəyə? Xankəndidə “Bravo” tezliklə tikiləcək, yoxsa yox?” Müstəntiq də hakimlərin gözünün qarşısında onu hədələyib ki, mən sənə göstərəcəm 23 saata nə olur? Məhkəmə zallarında kameralar olur, bunu araşdırmaq da olar. Daha elədiklərini eləyiblər. Bundan artıq neyləmək istəyirlər? İki körpəsi var, kirayədə yaşayır”.

Apellyasiya məhkəməsi onun şikayətini təmin etməyib və Ruslan Vahabov haqqında Nizami Rayon Məhkəməsinin verdiyi həbs qərarı qüvvədə saxlanılıb.

Ruslan Vahabovun yaxınları bildirir ki, sentyabrın 22-də səhər o, işə getmək adıyla evdən çıxıb və az sonra onunla əlaqə kəsilib. Bir gün sonra Daxili İşlər Nazirliyinin “102” xidmətindən ailəyə bildirilib ki, ictimai fəal narkotik ittihamıyla saxlanılıb.

Daxili İşlər Nazirliyindən isə işgəncə iddialarının həqiqətə uyğun olmadığı bildirilib.

Son bir həftədə Azərbaycanda çoxsaylı ictimai-siyasi fəal həbs olunub. Onların əksəriyyəti hökumətin Qarabağda apardığı hərbi əməliyyatları sosial şəbəkələrdə tənqid edən fikirlər yazıblar. Bəziləri ümumiyyətlə, müharibə əleyhdarı olub

Həbs olunanlardan 4 nəfərə (Emin İbrahimov, Nurlan Qəhrəmanlı, Əmrah Təhməzov, Nemət Abbasov) qadağan olunmuş informasiya yayma, polisə müqavimət ittihamlarıyla 30 günlük inzibati həbs cəzası verilib. Digərləri haqqında müxtəlif ittihamlarla cinayət işi başlanıb və həbs qətimkan tədbiri seçilib.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az