Daha bir inanclı şəxsə narkotik ittihamı verildi

tərəfindən Gozetci

İsfəndiyar Məmmədov

İsfəndiyar Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib

Müsəlman Birliyi Hərəkatının daha bir üzvü – İsfəndiyar Məmmədov həbs olunub. Son dövrlərdə həbs olunan yüzlərlə dini inanclı fəal kimi, ona qarşı da narkotik ittihamı irəli sürülüb. Bu barədə Meydan TV-yə hərəkatdan məlumat verilib.

Məlumatda bildirilir ki, İsfəndiyar Məmmədov sentyabrın 23-də günorta saatlarında saxlanılıb. Ardınca onu Sabunçu Rayon Polis İdarəsinə aparıblar.

“Ailəsinə iki günə yaxın onun yeri, niyə saxlanması barədə heç bir məlumat verilməyib. İki gündən sonra ailəyə 14-cü bölmədən deyilib ki, İsfəndiyar Məmmədov Sabunçu Rayon Polis İdarəsindədir. İdarənin İstintaq Şöbəsində onunla bağlı cinayət işi başlanıb”, – Müsəlman Birliyi Hərəkatından bildirilir.

Sabunçu Rayon Məhkəməsinin qərarıyla İsfəndiyar Məmmədov barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib. İddia olunur ki, o, saxlanılarkən cibindən külli miqdarda narkotik tapılıb.

Lakin yaxınları bu ittihamın yalan olduğunu bildirilir. Onlar hesab edir ki, İsfəndiyar Məmmədov dini inanclı şəxslərə qarşı davam edən repressiyalar çərçivəsində həbs olunub:

“Aylardır ki, bu repressiyalar davam edir. Növbəti hədəf də İsfəndiyar Məmmədov oldu. Onu tanıyanlar yaxşı bilir ki, narkotikdən, pis vərdişlərdən uzaq adamdır”.

Müsəlman Birliyi Hərəkatından bildirilib ki, hazırda təşkilatın 50-dən artıq üzvü həbsdədir.

İnsan haqlarının müdafiəsiylə məşğul olan təşkilatlar təkcə 2023-cü il ərzində ölkədə 500-ə qədər dini inanclı şəxsin narkotik ittihamıyla həbs olunduğunu bildirir. Həbs olunanlar bu ittihamın saxta olduğunu, şərlənərək həbs edildiklərini və işgəncəyə məruz qaldıqlarını bildirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə həbs olunanların konkret cinayət əməllərinə görə tutulduqlarını bəyan edib.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az