AİHM Qubad İbadoğlunun şikayətini təmin etdi

tərəfindən Gozetci

Qubad İbadoğlu

Qərara görə, hökumət onun müalicəsini təmin etməli və məhkəməni məlumatlandırmalıdır

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sentyabrın 20-də həbsdə olan azərbaycanlı iqtisadçı Qubad İbadoğlunun iddiasını təmin edən qərar qəbul edib.

Məhkəmə Qubad İbadoğlunun 41-ci qayda üzrə prioritet (öncəlik) hüququnu tanıyıb.

AİHM Qubad İbadoğlunun işi ilə bağlı vəkillərin şikayətinin bütün bəndlərini təmin edən qərar verib.

Qərara əsasən, Azərbaycan hökuməti Qubad İbadoğlunun konkret istiqamətlər üzrə xüsusi klinikada müayinə və müalicələrinin aparılmasını həyata keçirməli və bu barədə məhkəməni mütəmadi məlumatlandırmalıdır.

Bu barədə məlumat verən Qubad İbadoğlunun qardaşı Qalib Bayramov deyir ki, həmçinin Avropa Məhkəməsi qərarda Qubad İbadoğlunun işi ilə bağlı 41-ci qaydanın prioritetliyini təsbit edib:

“Bu da o deməkdir ki, qardaşımdan olan şikayətə Avropa Məhkəməsi növbədənkənar qaydada baxacaq. Həmçinin qərarda deyilir ki, Qubad İbadoğlunun işi üzrə 39-cu qaydaya uyğun olaraq baxılıb. Onun xəstəxanaya köçürülməsi ilə bağlı tələbi təmin edilib. Azərbaycan hökuməti qardaşımın müvafiq tibbi müayinələrinin aparılması və adekvat müalicəsinin təşkilini həyata keçirməlidir. Həmçinin Azərbaycan hökuməti tərəfindən Qubad İbadoğlunun müalicəsi və sağlamlıq durumu barədə mütəmadi olaraq Avropa Məhkəməsinin məlumatlandırılmalıdır”.

Avropa Məhkəməsi

Beləliklə, məhkəmənin qərarında bildirilir:

“39-cu qaydaya uyğun olaraq Azərbaycan hökuməti hansı tezlikdə müayinələrin keçirilməsini və erkən mərhələdə cərrahi müdaxiləni tələb edən aşağıdakı məsələləri araşdırsın:
I. Aortanın anevrizmanın tipinin müəyyənləşdirilməsi;
II. Müayinələrin hansı tezlikdə aparılması (məsələn, kompüter tomoqrafiyası, ültrasəs müayinəsi və digər müayinələr);
III. Aortanın genişlənməsi faktının müəyyənləşdirilməsi;
IV. Aortanın kökünün hansı sürətlə böyüməsi;
V. Hər hansı digər faktorların mövcudluğu (aortanın mövcud vəziyyəti, yaş, irsi anamnez, xəstəlik tarixçəsi, iltihab və ya genetik əsaslı infeksiyalar və sair).
Bütün bunların təmin olunması üçün Qubad İbadoğlunun xüsusi klinikaya köçürülməsi tələb oluna bilər”.

AİHM tərəflərin diqqətinə çatdırır ki, 39-cu qaydada göstərilən tədbirlərə əməl olunmaması Konvensiyanın 34-cü maddəsinin pozulmasına səbəb olacaq.

İyulun 24-də barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilən iqtisadçıya qarşı saxta pul hazırlama, dini-ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması ittihamları irəli sürülüb.

Azərbaycan Daxili İşlər Nazirliyi onun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iqtisadçı Qubad İbadoğlunun işinə dərhal baxılmasına qərar verib.

Məhkəmə iqtisadçının işində 39-cu qaydanı (müvəqqəti məcburiyyət tədbirləri) əsas götürüb.

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az