İşçi Masasının daha bir üzvü saxlanılıb (YENİLƏNİB)

tərəfindən Gozetci

Elvin Mustafayev

“Demokratiya 1918” Hərəkatı yanında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayev Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ittiham olunaraq 4 ay müddətinə həbs edilib. Bu barədə Turan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib.

Onun sözlərinə görə,  Mustafayev, əməlini etiraf edib.

Öz növbəsində, “Demokratiya 1918” Hərəkatında hesab edirlər ki, Mustafayev təzyiq altında özünü ələ verib, onun həbsi isə Kuryer Birliyi Həmkarlar İttifaqındakı fəallığı ilə bağlıdır.

*   *   *

Elvin Mustafayevə qarşı narkotik ittihamı irəli sürülüb

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovdan sonra bu qurumun üzvü Elvin Mustafayev də saxlanılıb. Ona qarşı narkotik ittihamı irəli sürüldüyü bildirilir.

“Demokratiya-1918” Hərəkatının (D-18) sədri Əhməd Məmmədlinin bildirdiyinə görə, Elvin Mustafayev avqustun 4-dən yoxa çıxıb:

“Avqustun 4-də axşamdan onun telefonuna zəng çatmır. Biz əvvəldən danışmışdıq, avqustun 5-də onunla görüşməliydik. Lakin heç bir vasitə ilə onunla əlaqə yaratmaq mümkün olmadı”.

Avqustun 1-də moped sürən kuryerlərin etiraz aksiyası olub. Onlar polislərin nəqliyyat vasitələrinə cərimə meydançasına aparmasına etiraz ediblər. Kuryerlərin etiraz aksiyasında İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri də iştirak edib.

“Elvin Mustafayev özü bildirmişdi ki, polis aksiyadan sonra yaşadığı evin yaxınlığında onun barəsində məlumat toplamağa çalışıb”, – Əhməd Məmmədli əlavə edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Elvin Mustafayevin saxlandığını təsdiqləyib. Bu qurumdan bildirilib ki, onunla bağlı araşdırma aparılır.

Sosial şəbəkələrdə “Atilla Xan” profiliylə tanınan ictimai fəal Elvin Mustafayev 2023-cü ilin martın 17-də Saatlı Rayon Məhkəməsinin qərarıyla 25 sutka inzibati qaydada həbs olunmuşdu. Həmin vaxt o, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə cəzalandırılmışdı.

Amma yaxınları Meydan TV-yə bildirmişdi ki, Elvin Mustafayev polisə çağrılıb və könüllü şəkildə özü gedib. Ona görə də xırda xuliqanlıq, polisə müqavimət ittihamları tamamilə yalandır. Onların sözlərinə görə, ictimai fəal həmin vaxt Saatlıda sakinlərin su tələbinə yerli hakimiyyət təmsilçilərinin, polisin buna sərt reaksiyasını tənqid etdiyinə görə cəzalandırılıb.

Avqustun 1-də kuryerlərin aksiyasında iştirak edən İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov da həmin gün axşam saxlanılıb. Ona İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə 30 sutka inzibati həbs cəzası verilib.

İctimai fəal Afiəddin Məmmədov bundan əvvəl də bir neçə dəfə inzibati qaydada həbs olunub. Lakin o, bu ittihamların saxta olduğunu, ictimai fəaliyyətinə görə cəzalandırıldığını bildirib. Bu həbslərin birində ictimai fəal bildirmişdi ki, Bakı şəhər Baş Polis İdarəsində ondan telefonuna daxil olmaq üçün parolu verməyi tələb ediblər. O isə verməkdən imtina edib. Buna görə orada işgəncəyə məruz qalıb.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az