Hazırda inzibati həbsdə olan Türkiyənin Orta Doğu Texnik Universitetinin (ODTÜ) tələbəsi, “İnqilabın Səsi” platformasının üzvü Məhərrəm Əkbərovun Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsində təhdid olunduğu bildirilir. Bu barədə Amerikanın Səsinə “Demokratiya 1918” Hərəkatının sədri Əhməd Məmmədli məlumat verib.
Onun sözlərinə görə, Məhərrəm Əkbərov həbs olunandan sonra onun barəsində araşdırma aparılıb və ailəsi ilə təhdid olunub:
“Məhərrəmi Türkiyədəki fəaliyyətinə görə atası ilə təhdid ediblər. Sorğu-sual ediblər ki, “sənin oradakı solçularla nə əlaqən var?”. Atası da iki il əvvəl şərlənərək həbs olunub, hazırda həbsdədir. Anası isə Azərbaycanda bankların birində işləyir. Anasını da işdən çıxarmaqla hədələyiblər”.
Məmmədli bildirib ki, Məhərrəm Əkbərov hakimiyyətə müxalif mövqedə olduğu üçün təhdid olunur.
“Deyiblər ki, “əgər fəaliyyətinə davam eləsən, atan barəsində daha bir maddə ilə iş açarıq”. Atasının həbsini ona qarşı istifadə edirlər”, deyə o, bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov Amerikanın Səsinə bildirib ki, siyasi baxışına və fəaliyyətinə görə heç kim həbs olunmur. O, bu iddianı təkzib etdiklərini deyib:
“İddialar əsassız olmaqla yanaşı şəxsi mülahizədir”.
Xat;rladaq ki, Məhərrəm Əkbərovun iyulun 15-də Xırdalanda, yaşadığı evin yaxınlığında saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin müvəqqəti rəisi Elşad Hacıyev Amerikanın Səsinə bildirib ki, Məhərrəm Əkbərova 30 sutka inzibati həbs cəzası verilib.
Elektron Məhkəmə Sistemində Məhərrəm Əkbərova Xətai Rayon Məhkəməsinin qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə 1 ay inzibati həbs cəzası verildiyi yazılıb.
Həbs xəbəri yayılan zaman “Demokratiya 1918” Hərəkatının üzvü Afiəddin Məmmədov bildirib ki, Məhərrəm Əkbərov Türkiyədəki Sosialist Əməkçilər Partiyasının tərkibindəki “İnqilabın Səsi” platformasının üzvüdür:
“Platforma Gədəbəyin Söyüdlü kəndindəki hadisələrlə bağlı müxtəlif paylaşımlar edib. Fəalın Bakı Şəhər Baş Polis İdarəsinin mülki əməliyyatçıları tərəfindən aparıldığı bildirilir, amma ailəsinə heç bir məlumat verilmir. Onun hansı səbəbdən saxlanıldığı haqda məlumat yoxdur”.
Dostları onun saxlanılmasının siyasi olduğunu deyirlər.
Sosial Əməkçilər Partiyasının Twitter hesabında da bu barədə məlumat paylaşılıb.
“Yoldaşımız Məhərrəm Əkbərov bir müddət Azərbaycan polisi tərəfindən təqib olunduqdan sonra evinin yaxınlığından qaçırılıb. Ailəsinin gərgin səyləri qarşısında onun Bakı şəhər Baş Polis İdarəsinə aparıldığı öyrənilib. Xalqı soyan Əliyev oliqarxiyası ancaq kobud güclə sağ qalmağa çalışır”, bəyanatda deyilir.
Amerikanın Səsi