Nazirlik bu partiyaya da 30 gün vaxt verdi
Müxalifətin ən böyük siyasi təşkilatlarından hesab olunan Azərbaycan Xalq Cəbhəsi Partiyası Ədliyyə Nazirliyi tərəfindən mənfi cavab alıb.
Nazirliyin Ədliyyə sahəsində Xidmətlər Baş İdarəsinin rəisi İlqar Məmmədovun iyulun 19-da partiyaya göndərdiyi məktubda qeyd olunub ki, 5138 üzvü əhatə edən reyestrdə 2497 nəfər barədə məlumatlar (adı, soyadı, ata adı, doğulduğu tarix) düzgün göstərilmədiyindən onlar tərəfindən dəqiqləşdirilməlidir.
“Reyestrdəki eyniləşdirilmiş şəxslərin sırasından 119 nəfərin başqa partiyanın üzv olduğu, 59 şəxs barədə məlumatların təkrarlandığı və 3 nəfərin öldüyü müəyyən edilib. Həmçinin, reyestrdə adları qeyd olunan şəxslərlə əlaqə saxlanılarkən onlardan 609 nəfəri AXCP üzvü olmadığını bildirib”, –deyə nazirlik əlavə edib.
İlqar Məmmədovun sözlərinə görə, təqdim olunan məlumatlarda 33 nəfərin əlaqə telefonunun nömrəsi qeyd olunmayıb.
Nazirlik “Siyasi partiyalar haqqında” Qanunun 30.2 maddəsinə əsaslanaraq reyestrdə aşkar edilən çatışmazlıqların aradan qaldırılması üçün partiyaya 30 gün vaxt verib.
AXCP sədri Əli Kərimli Ədliyyə Nazirliyinin məktubuna reaksiya verib.
Əli Kərimli “Facebook” səhifəsində yazıb ki, ən yaxşısı Ədliyyə Nazirliyi vaxt təyin etsin, partiya da 5 min nəfər cəbhəçi ilə nazirliyin qarşısına toplaşsın:
“Bizi əyani görsünlər və istəsələr, saysınlar”.
AXCP sədri bir sıra suallar da səsləndirib:
“Haradan bilək ki, hansı partiya üzvünün məlumatı sizin tərəfdən düz kimi, hansının məlumatı “düzgün göstərilməyən” kimi qəbul olunur? Çatışmazlıq nədədir? Ədliyyə nazirliyinin məktubunda göstərilmiş digər “çatışmazlıqlar” da – guya 119 nəfərin başqa partiyaların üzvü olması, 59 şəxs barədə məlumatların təkrarlandığı, 609 nəfərin AXCP üzvü olmadıqlarını bildirməsi və digər iradlar da qətiyyən inandırıcı deyil və siyasi mülahizələrlə tərtib olunub”.
“Bütün hüquqi yollardan istifadə edəcəyik. Hüquqi yollar tıxananda da siyasi yollar var qarşımızda. Biz hakimiyyətin real müxalifəti məhv etmək, təkpartiyalı sistem yaratmaq siyasətilə barışmayacağıq”,-deyə Kərimli əlavə edib.
Bu gün Ədliyyə Nazirliyi ikinci müxalif partiyasıdır ki, mənfi cavab verir. Bundan əvvəl Müsavat Partiyası da imtina cavabı alıb. Ancaq hakim Yeni Azərbaycan Partiyası reyestrdən keçirilib və partiyanın iddia etdiyi 750 min üzvlə necə əlaqə saxlanıldığı açıqlanmayıb.
İki gün əvvəl isə REAL Partiyasına da 30 gün vaxt verildiyi haqda məktub göndərilmişdi.
Nazirlik bir həftədən çoxdur müxalif partiya üzvləri ilə əlaqə saxlayıb onlara siyasi mənsubiyyəti ilə bağlı suallar verir. Bu yanaşma sosial şəbəkələrdə və bir sıra ekspertlər tərəfindən birmənalı qarşılanmır. Onlar yoxlama prosesinin qanunun tətbiqində problemlərin olmasından irəli gəldiyini deyirlər.
Son bir neçə ayda Azərbaycanda 30-dan çox partiya özünü buraxıb. Bu sıraya Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası, Aydınlar Partiyası, Kommunist Partiyası, Vahid Azərbaycan Milli Birlik və Azərbaycan Azad Respublikaçılar Partiyası və digərləri daxildir.
Meydan TV-yə daxil olan məlumata görə, partiyaların çoxu özündən xəbərsiz, Prezident Administrasiyası tərəfindən buraxılır və həmin partiyaların rəhbərləri bu haqda hökumətə yaxın media orqanlarında çıxan xəbərlərdən öyrənirlər.
2022-ci ilin dekabrında Milli Məclisin “Siyasi partiyalar haqqında” Qanunu III oxunuşda qəbul edib.
Daxili və xarici etirazlara rəğmən, Prezident İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib.
Yeni qanunun narazılıq doğuran maddələri sırasında partiyaların 5 min üzv toplaması və onların hər birinin reyestrdən keçirilməsi xüsusi yer tutur.
2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub.
AXCP 1995-ci ildə Azərbaycan Xalq Cəbhəsi Hərəkatının bazasında və onun rəsmi varisi kimi qurulub. Həmin ilin sentyabrın 1-də Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.
2000-ci ilə qədər partiyanın sədri keçmiş prezident Əbülfəz Elçibəy olub. 2000-ci ildən indiyə qədər AXCP-in sədri Əli Kərimlidir.