Oğlu Sona Yaqubovanın fiziki zorakılığa məruz qaldığını deyib
Türkiyədə yaşayan ictimai fəal Sona Yaqubova 17 gündən çoxdur ki, həbsdədir.
Sona Yaqubova qonşusunun şikayəti əsasında saxlanılıb.
Bu barədə Sona Yaqubovanın oğlu Oğuzxan Yaqubov Meydan TV-yə danışıb.
Oğuzxan Yaqubov deyir ki, iyunun 23-də yaşadıqları binada qonşuları Mustafa Öztürk əvvəlcə anasını sözlə təhdid edib, ardınca fiziki şiddət göstərib:
“Əsas ittiham bizim xarici ölkə vətəndaşı olmağımızdır. Mustafa Öztürk anamı küçədə döyərkən digər qonşular polis çağırdılar. Polis gəlib onları zorla ayıranda xalam Mona Yaqubova mənə zəng edib xəbər verdi. Mən hadisə yerinə gələndə polis bizi xəstəxanaya apardı. Xəstəxanada anamın fiziki şiddətə məruz qaldığı sənədləşdirildi. Sonra anam Kadıköy Polis Məntəqəsinə aparıldı”.
Oğuzxan Yaqubov deyir ki, polis məntəqəsində anasının ifadəsi alınandan sonra kimlik nömrəsi istənilib:
“Bundan sonra görüblər ki, anamın ölkədən çıxarılmaq qərarı var. Bunu anama deyəndə o, etiraz edib. Deyib ki, hazırda işi məhkəmə olduğundan bu, mümkünsüzdür. Buna rəğmən anamı 1 gecəlik polis məntəqəsində saxlayıblar”.
O, anasının iyulun 7-nə qədər Silivri Selimpaşa Geri Göndərmə Mərkəzində saxlanıldığını, daha sonra isə Ədirnə Geri Göndərmə Mərkəzinə aparıldığını bildirib:
“İyulun 12-də məhkəmə olacaq, sərbəst buraxılıb-buraxılmaması qərarı sabah bilinəcək”.
Oğuzxan Yaqubov həbsxanada anasıyla çox pis davrandıqlarını iddia edir:
“Tamamilə pis davranırdılar, həm də saxlanıldığı yer çox bərbaddır. Amma Türkiyə Böyük Millət Məclisinin bir neçə üzvünün müdaxiləsindən sonra yanaşma üsulu dəyişdi. Anamın mənə göndərdiyi şəkillər var ki, onun necə saxlanıldığını sübut edə bilərik. Bundan əlavə, anamı bir günlük psixi baxımdan ağır olanların saxlanıldığı yerə aparıblar. Həmin müəssisənin müdiri anama orada hədə-qorxu da gəlib”.
Oğuzxan Yaqubovun bildirdiyinə görə, onların alt mərtəbədəki qonşuları da xarici ölkə vətəndaşıdır:
“Onların ərazidə dükan və restoranı var. Mustafa Öztürk onların restoranına gedib təhdid edirmiş ki, siz xaricilər gəlib türklərdən çox pul qazanırsınız, ona görə də dükanı bağlatdıracağam. Doğrudan da, həmin adamların restoranları və dükanları bağlanır. Mustafa Öztürkün qardaşı bələdiyyədə çalışdığından həmin qonşunun lisenziyasını ləğv etdirə bilib. Onlar özləri mənə psixoloji şiddətə məruz qaldıqlarını deyiblər. Hətta Mustafa Öztürk onlara da anamı binadan çıxarmaq üçün fürsət gözlədiyini deyibmiş”.
Olay Türkiyənin Yaşıl Sol Partiyasının millət vəkili Çiçek Otlu tərəfindən Millət Məclisində gündəmə gətirilib.
O, daxili işlər naziri Ali Yerlikayaya sorğu göndərdiyini deyib.
Ancaq Türkiyə Daxili İşlər Nazirliyi Sona Yaqubovanın qarşılaşdığı vəziyyətlə bağlı bu günə qədər açıqlama verməyib.
Yaqubovlar ailəsi 2017-ci ildən Türkiyədə yaşayır.
Oğuzxan Yaqubov orta təhsil alır, anası isə xarici şirkətdə çalışır.
Meydan TV