Bu gün Bakı Apellyasiya Məhkəməsi hüquq müdafiəçisi və ictimai fəal Bəxtiyar Hacıyevin həbs müddətinin daha bir ay – iyulun 28-dək uzadılması ilə bağlı şikayəti təmin etməyib. Bu barədə Turan-a vəkil Aqil Layıc bildirib.
O qeyd edib ki, bu qərarla bağlı müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə Hacıyevin işi üzrə əlavə şikayət göndərəcək.
Xatırladaq ki, Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib.
9 yanvar 2023-cü ildə Apellyasiya Məhkəməsi onu azad etməkdən imtina edib və Hacıyev yenidən aclığa başlayıb. Yanvarın 21 – də məhkəmə onun həbs müddətini bir ay, fevralın 23 – də isə daha iki ay-aprelin 28-dək uzadıb.
Fevralın 28-də, aclıq aksiyasının 51-ci günündə Hacıyev aclığı dayandırıb.
ABŞ Dövlət Departamentinin, ABŞ Senatının, Avropa İttifaqının, Avropa Şurasının və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri dəfələrlə Hacıyevin həbsdən azad edilməsini tələb ediblər.
İyunun 16-da ona qarşı qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması, sənədlərin saxtalaşdırılması və qaçaqmalçılıqla bağlı yeni ittihamlar irəli sürülüb.
Azərbaycanlı fəal Bəxtiyar Hacıyevə qarşı irəli sürülən yeni ittihamlar Avropa hüquq-müdafiə təşkilatından qrant alınması ilə bağlıdır, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu bildirib. Təşkilat Bəxtiyar Hacıyevlə bağlı hadisəsinin presedent olacağından narahatlığını ifadə edib, çünki bundan sonra digər fəallara və hüquq müdafiəçilərinə qarşı oxşar ittihamlarla təqib dalğası başlaya bilər.
Turan