İctimai fəal yeni maddə ilə cəzalandırıldı
İyunun 22-də polisə müqavimət ittihamıyla 30 sutka inzibati həbs cəzası verilən ictimai fəal Qiyas İbrahimov iyunun 24-də yenidən məhkəmə qarşısına çıxarılıb. Bu dəfə o, İnzibati Xətalar Məcəlləsinin 388-1.1 (internet resursuna qadağan olunmuş məlumatların yerləşdirilməsi) maddəsilə ittiham olunurdu.
Əslində ictimai fəal həbs olunduğu gün DİN məlumatında onun hər iki maddə üzrə saxlanıldığını yazmışdı. Lakin məhkəmə qətnaməsində maddələrdən biri – polisə müqavimət (maddə 535.1) qeyd olunduğundan, o, təkrar məhkəmə önünə çıxarılır.
Qiyas İbrahimovun işinə iki gün əvvəl olduğu kimi, yenə də Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirli baxıb. O, bu dəfə də ictimai fəalı təqsirli hesab edib və əvvəl kəsdiyi 30 günlük cəzanı da birləşdirməklə, Qiyas İbrahimovun üzərində 32 günlük inzibati həbs cəzası saxlayıb.
Məhkəmədə ictimai fəalın hüquqlarını vəkil Elçin Sadıqov müdafiə edib. O, müvəkkilinə qarşı ittihamın əsassız olduğunu vurğulayıb. Məhkəmədən inzibati xəta işinə xitam verilməsini istəyib.
Qiyas İbrahimov bildirib ki, həbsinin səbəbi sosial media hesabındakı paylaşımlarıdır. Ondan yazdığı statusu silməsini tələb etsələr də, bundan imtina edib. Bu üzdən gəlib onu evlərindən aparıblar.
Qiyas İbrahimov vurğulayıb ki, iki gündür həbsdə quru aclıq edir. O, həm qida, həm də su qəbulundan imtina edib. Səbəb təkcə özünün həbsi deyil. O, ümumiyyətlə, Söyüdlü hadisələrindən sonra həbs olunan hər kəsin azadlığa buraxılmasını tələb edir.
Meydan TV