Kənd sakini: “Polislər hamını qorxu içində saxlayırlar”
“Dünən axşam azyaşlı oğlumu maşınla gedəndə postda saxlayıblar, deyiblər elə səni axtarırdıq. 4-5 nəfər polis dubinka ilə onu döyüb. Oğlum qaçıb xilas ola bilib. Bundan əvvəl aksiyada da polislər ayağından rezin güllə ilə vurublar. İndi də hədələyirlər ki, onu tutacağıq”.
Gədəbəyin Söyüdlü kənd sakini Aidə Abbasova Abzas Media-ya bildirir ki, polislər kənd sakinlərini qorxu içində saxlayırlar. Kənddəki problemləri mətbuata danışan şəxslər ya həbs olunur, ya da həbslə hədələnir.
Etirazlardan sonra göldə araşdırılma aparılması ilə bağlı komissiya yaradılsa da, kənddə polis əməliyyatları səngimir.
“Deyirlər, cənnət anaların ayaqları altındadır, amma Gədəbəyin Söyüdlü kəndində analar polislərin ayaqları altındadır. İndi kənddə hamı tutulub aparılmaqdan qorxur. Biz burda nə qədər qorxu içində yaşayacağıq, bilmirəm. Bu camaatı tutulmaqla nə qədər hədələyəcəklər?! Başçı deyir ki, polislər xalqı qoruyur. Necə qoruyur ki, görüntülər də var, oradakı bütün qadınlara xəsarət yetirir. Deyir, göl 11 ildir yaranıb, niyə indiyə qədər susurdunuz? Susurdular, ona görə ki, ucqarda yaşayan savadsız kənd camaatı idi, kənd camaatı heç bilirdi ki, sianid nədir? İnsanlar gördü ki, mal-qaraları tələf olur, adi quş da uçmur göl tərəfə, kənddə xəstəlik artdı, ondan sonra bildilər ki, gölün ziyanı var. Son 1 ayda vəfat edənlər xərçəngdən vəfat ediblər”.
Aksiyaların Rusiyaya və digər hansısa dövlətlərə bağlanılması məsələsinə də toxunan Abbasova deyir ki, deyilənlər həqiqətə uyğun deyil.
Onun sözlərinə görə, sözügedən qrup xeyriyyə məqsədilə yaradılıb:
“Qeyrətli vətən oğullarımızı həbs edib “vətən xaini” adlandırırlar. Söyüdlü kənd bələdiyyəsi, icra nümayəndəsi niyə həqiqəti demir? Vicdanları varsa, desinlər o oğlanların pulları ilə nə qədər əsgərə, qaziyə yardım ediblər. Gedib araşdırsınlar ki, indi “vətən xaini” dedikləri o qeyrətli oğullar müharibə dövründə dövlətin fonduna nə qədər yardım ediblər, Türkiyə qəzasında nə qədər yardım ediblər? “Vətən xaini” olan oğullar bu qədər xeyriyyə işləri görə bilərlər? “Vətən xainləri” yaşlı anaları döyüb xalqı dövlətə qarşı qaldıranlardır. Onlar cəzalandırılmalıdırlar. O polislər Gədəbəy Rayon Polis İdarəsinin rəisinin, rəis müavinin əmrinə tabe olublar, əmri dövlət verməyib. Hamı da deyir ki, Bəhman müəllim əmr verdi ki, qadınların elə yerinə vurun ki, açıb göstərə bilməsinlər. Biz tibb işçiləriyik, 4 gündür ağlayırıq bu vəziyyətə”.
O bildirib ki, kənddə bu gün Coşqun Musayev saxlanılıb.
“Hara aparıldığı bilinmir. İki körpə balası var”.
Kənd sakini deyir ki, onların iki tələbi var: həbs olunanlar azad olunsun və ikinci zəhərli göl yaradılmasın.
İyunun 20-də Gədəbəyin Söyüdlü kənd sakinləri ekoloji problemlərə etiraz ediblər. Onlar bildiriblər ki, ərazidə fəaliyyət göstərən “Azerbaijan International Mining Company” şirkəti kənddə zərərli, kimyəvi tullantıların atılacağı ikinci göl yaratmağa çalışır. Buna etiraz edən sakinlər polis zorakılğına məruz qalıblar. Onlara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə olunub.
Etirazlarda 5 nəfər saxlanılaraq 20 sutka inzibati həbs cəzası alıb, bir nəfər 1500 manat cərimələnib. Aksiyadan sonra da həbs olunanların olduğu bildirilir. Daxili İşlər Nazirliyi kənddə neçə nəfərin həbs edildiyini açıqlamır.
Baş nazir Əli Əsədov göldə monitorinqlərin aparılması üçün komissiya yaradıb.
Abzas Media