Vətəndaş cəmiyyəti fəalları Gədəbəy rayonu Söyüdlü kəndində qızıl mədəni ətrafında baş verən etiraz aksiyasının polis zorakılığı ilə dağıdılması haqqında Bəyanat yayıb.
Onlar aksiya zamanı kənd sakinlərinə qarşı polis zorakılığını pisləyiblər:
“İyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində qızıl mədəninin tullantılarından süni göl yaradılması yerli sakinlərin etirazına səbəb olub. Onlarla sakin ərazidə artıq bir süni gölün olduğunu və zəhərli maddələrlə ətraf mühiti çirkləndirdiyini əsas gətirərək ikinci belə bir gölün qurulmasına etiraz bildirmək üçün bir araya toplanıblar. Sakinlər bildirib ki, süni göllər ərazidə maldarlıq fəaliyyətinə mane olur, insanların səhhətinə mənfi təsir edir. Bundan əvvəl də media qurumlarında ərazidəki tullantıların yerli təsərrüfata ziyan vurması ilə bağlı xəbərlər yer alıb.
Ancaq səlahiyyətli qurumlar sakinlərlə görüş keçirərək onların problemlərini dinləməyi bacarmayıb. Əvəzində isə əraziyə Daxili Qoşunlara aid olduğu iddia olunan onlarla əməkdaş yeridilib, yerli sakinlərlə qarşıdurmaya gedilib. Mediada geniş yayılan görüntülərdə yerli sakinlərə qarşı rezin güllələr, dəyənək və gözyaşardıcı qazdan istifadə olunduğu, Daxili İşlər Nazirliyi əməkdaşlarının etirazçılara qarşı fiziki güc tətbiq etməsi aydın müşahidə olunub. Sonda hadisələr 10-dan çox şəxsin xəsarət alması, 5 nəfərin inzibati qaydada həbsi və 1 nəfərin isə 1500 manat cərimələnməsi ilə yekunlaşıb.
Daxili İşlər Nazirliyi hadisədən sonra yaydığı bəyanatda yerli sakinləri tənqid edərək onların xəbərdarlıqlara və izahedici söhbətlərə baxmayaraq etiraz aksiyası keçirdiyi bildirilsə də polis əməkdaşlarının niyə qeyri-proporsional güc və vasitələrdən istifadə etməsi ilə bağlı məsələyə toxunulmayıb. Hadisə yerinə sonrakı gün gəlmiş Gədəbəy rayonu icra başçısı Orxan Mürsəlov da sakinləri məlumatsızlıqda və polisə qarşı müqavimətdə günahlandırıb, məsələyə birbaşa aidiyyatı olmayan iradlar dilə gətirib. Qeyd etmək lazımdır ki, polisə qarşı müqavimət hallarını əks etdirən heç bir sübut ortaya qoyulmayıb və hətta polisə qarşı müqavimət halında belə kütləvi cəza tədbirləri qeyri-qanuni xarakter daşıyır. Ərazidə qızıl hasilatını həyata keçirən “AzərGold” QSC hadisə ilə əlaqəsi olmadığını bildirib, Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə hadisəyə ümumiyyətlə münasibət bildirməyib. Yekunda vətəndaşların ətraf mühit və yerli ehtiyaclarla bağlı iradlarını dinləyən və ya nəzərə alan rəsmi qurum olmayıb.
Bəyanatı imzalayanlar xatırladır ki, ətraf mühit problemləri və yerli ehtiyaclarlə bağlı etiraz edən sakinlərə qarşı polis zorakılığından istifadə edilməsi ilk belə hal deyil. Elə 2023-cü ilin Mart ayında da Saatlı rayonunun Nabatkənd və Orta Muğan kəndlərinin sakinlərinin su qıtlığı ilə bağlı etiraz aksiyası polis tərəfindən rezin güllədən istifadə edilərək dağıdılıb, bir neçə sakin yaralanıb və inzibati qaydada həbs olunub. Bu isə Azərbaycanda ictimai iştirakçılıq təşəbbüsləri qarşısında sistematik əngəllər olduğunu göstərir.
Biz bildiririk ki, ətraf mühit problemləri və yerli ehtiyaclarla bağlı haqlı etirazlarını dilə gətirmək hüququ vətəndaşların həm Konstitusiya, həm də Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq konvensiyalarda, o cümlədən ətraf mühit məsələlərinə dair informasiyanın əldə edilməsi, qərarların qəbul edilməsi prosesində ictimaiyyətin iştirakı və ədalət mühakiməsinə müraciət ilə bağlı BMT Avropa İqtisadi Komissiyasının Konvensiyasının (“Orxus Konvensiyası”) müddəası ilə qorunur. Bu hadisə ilə əlaqəli təməl insan hüquq və azadlıqlarına isə ölkə həyatında iştirak, sərbəst toplaşmaq və ifadə azadlıqları, sağlamlıq, yaşamaq, mülkiyyət və məlumat almaq hüquqlarını misal çəkmək olar.
Bəyanatı imzalayanlar xatırladır ki, kommersiya qurumlarının mülkiyyət hüquqlarından istifadə, həmçinin, həmin ərazidə olan insanların təməl hüquq və azadlıqları çərçivəsində həyata keçirilməlidir. Beynəlxalq məhkəmə praktikası göstərir ki, kommersiya qurumları tərəfindən mülkiyyətdən bu tələblərə uymayan formada istifadə adıçəkilən hüquq və azadlıqların birbaşa pozuntusudur. Sakinləri dinləməyib dinc etirazı zorakılıqla dağıtmaq isə yuxarıda sadalanan təməl insan hüquqlarının pozuntusu olmaqdan əlavə vətəndaşları ictimai iştirakçılıq təşəbbüslərindən daha da uzaqlaşdırmaq məqsədi daşıyır.
İmzalayanlar eyni zamanda qeyd edir ki, vətədanşların həyatına təsir edən qəraların qəbulu zamanı onların rəyinin alınmaması, seçkili yerli institutların mərkəzi və yerli icra orqanlarından asılı olması sosial rifahın pisləşməsinə və ədalətsizliyə səbəb olur. Bununla bağlı olaraq bəyanatı imzalayanlar vətəndaş cəmiyyəti fəalları və digər aktiv kəsimləri bu məsələni gündəmdə saxlamağa, aidiyyatı qurumları etirazçıların şikayətini dinləməyə və araşdırmağa, hüquq-mühafizə orqanlarını isə zorakılıq tətbiq edən əməkdaşlar barədə effektiv araşdırmalar aparmağa və məsuliyyətə cəlb olunmalarına çağırır”.
Bəyanatı aşağıdakı şəxslər imzaları ilə təsdiq edirlər:
1.Akif Qurbanov, Demokratik Təşəbbüslər İnstitutu
2. Anar Məmmədli, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi
3. Araz Əliyev, Nida Vətəndaş Hərəkatı
4. Aygül Cəfərova, ictimai fəal
5. Bəşir Süleymanlı, Vətəndaş Hüquqları İnstitutu
6. Elgiz Qəhrəman, ictimai fəal
7. Elşən Süleymanov, Göyçay İcma İnkişaf Mərkəzi
8. Əbülfəz Qurbanlı, Artikl54 İctimai Birliyi
9. Əhməd İsmayılov, ictimai fəal
10.İmran Əliyev, “Meclis.info” Parlamentin Monitorinq Plaftorması
11.Kənan Qayıbov, Artikl 54 İctimai Birliyi
12.Məmməd Məmmədzadə, İştirak Evi
13.Murad Rüstəmbəyli, araşdırmaçı
14.Rövşən Nəzərov, “Eko & Urban” təşəbbüsü
15.Röya Məlikzadə, Ecobill
16.Rüstəm İsmayılbəyli, ictimai fəal
17.Sübhan Həsənli, hüquqşünas
18.Toğrul İsmayılov, ictimai fəal
19.Toğrul Vəliyev, iqtisadçı
20.Tural Ağayev, hüquqşünas