Mayın 10-da Bakı Apellyasiya Məhkəməsində Fərid Eyyubovun sədrliyi ilə dini fəal Murad Abdullayevin narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbsindən verilmiş şikayətə baxılıb.
Fəalın bacısı Arzu Abdullayevanın Turan-a verdiyi məlumata görə, məhkəmə şikayəti təmin etməyib, fəalı həbsdə saxlayıb.
Mayın 11-də Abdullayevin ev dustaqlığına köçürülməsindən imtina ilə bağlı verilmiş şikayətə baxılacaq.
Bacısının sözlərinə görə, Abdullayev vəkilə bildirib ki, hələ də 15 məhbusla birlikdə sıx kamerada saxlanılır.
“Muradın kamera yoldaşları ilə bağlı iradı yoxdur, amma o, nevrozun kəskin formasından əziyyət çəkir və sıx, suyun olmadığı və havalandırmanın pis olduğu kamerada saxlanılma onun səhhətini ciddi şəkildə pisləşdirir”, deyə bacısı bildirib.
* M.Abdullayev martın 9-da saxlanılıb. Ona qarşı Azərbaycan CM-in 234.4.3-cü (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə o, 5 ildən 12 ilədək azadlıqdan məhrum edilə bilər.
M.Abdullayev “Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” İttifaqının aprelin 20-də dərc etdiyi siyasi məhbus siyahısına salınıb.
Hüquq müdafiəçilərinin məlumatına görə, fevral-mart aylarında Azərbaycanda ən az 89 dindar siyasi motivli ittihamlarla həbs edilib, onlar narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunurlar.
Turan