Vəkil: “Bloger Rəşad Ramazanova işgəncə verilməsi faktı məhkəmə istintaqı zamanı təsdiqlənib”

tərəfindən Gozetci

Rəşad Ramazanov

Mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində bloger Rəşad Ramazanovun işi üzrə növbəti iclas keçirilib. Bu barədə vəkil Elçin Sadıqov Turan-a bildirib.

Saxlanıldıqdan sonra polis bölməsində ona işgəncə verilməsilə bağlı Rəşad Ramazanovun bəyanatları ilə əlaqədar müdafiə tərəfi onun şikayətinin araşdırılması üçün vəsatət qaldırmışdı.

Ramazanov saxlanıldıqdan sonra aparıldığı Sabunçu Rayon Polis İdarəsinin 14-cü bölməsinə,  həmçinin onun barəsində həbs qətimkan tədbiri seçildikdən sonra köçürüldüyü Bakı 1 saylı İstintaq Təcridxanasına məhkəmə tərəfindən sorğu göndərilib.

Vəkil qeyd edib ki, mayın 4-də məhkəmənin sorğularına rəsmi cavablar gəlib. 14-cü bölmədən verilən cavabda göstərilib ki, Ramazanov bu idarəyə daxil olduğu zaman onun üzərində bədən xəsarəti olmayıb. Ancaq istintaq təcridxanasının cavabında qeyd olunur ki, Ramazanov bu müəssisəyə daxil olanda onun hər iki budunda, burnunda, alnında qançır şəklində bədən xəsarətləri aşkar edilib.

Vəkilin fikrincə, cavabların məzmunu saxlandıqdan sonra blogerin etirafedici ifadə verməsi üçün ona fiziki təzyiq olması faktını təsdiqləyir.

Azərbaycan Ali Məhkəməsinin “məhkəmə təcrübəsinin ümumiləşdirilməsi”nə əsasən, işgəncə faktı təsdiqlənərsə, müttəhimə məhkəmə tərəfindən bəraət verilməlidir, çünki ona qarşı qanunsuz əməllər tətbiq edilib.

“İstintaqın nəticələrilə bağlı məhkəmənin hansı qərarı qəbul edəcəyini bilmirəm, amma qanuna görə, yeganə düzgün qərar bəraət hökmü olmalıdır”,- Sadıqov deyib.

Dünən məhkəmə ilkin dindirmədə iştirak etmiş, Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqat şöbəsinin rəisinin şahid qismində məhkəməyə çağırılması barədə müdafiə tərəfinin vəsatətini təmin edib. Növbəti məhkəmə iclası mayın 25-nə təyin edilib və polis zabiti prosesə gəlməlidir, vəkil deyib.

* Rəşad Ramazanov 20 may 2022-ci ildə saxlanılıb, ertəsi gün isə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) 4 ay müddətinə həbs edilib. Onu 5 ildən 12 ilədək həbs təhlükəsi üzləşir. Hazırda onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Rəşad Ramazanov həmçinin 2013-cü ilin mayında  həbs edilib və külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. Yerli hüquq-müdafiə təşkilatları bildiriblər ki, həbsin əsl səbəbi sosial şəbəkələrdə hakimiyyətin tənqid edilməsidir. Onlar Ramazanovu siyasi məhbus kimi tanıyıblar. 2019-cu ilin martında dövlət başçısı əfv edib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az